Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyada iştirak edəcəklər

16 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan  20 nəfər məktəbli “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyası çərçivəsində növbəti dəfə səfərə yola düşəcəklər. Bu münasibətlə 2018-ci il noyabr ayının 16-da Şuşa rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” maarifləndirici tur – aksiyada iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilmişdir. Aksiyanın əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsinə xidmət etməkdir. Bu tur aksiyalar qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin məktəblilərin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tur aksiyada Şuşa rayon məktəbliləri Gəncə – Göygöl – Şəmkir rayonlarına səfər edəcəklər.
“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur – aksiyada iştirak edəcək Şuşa rayon məktəbliləri ilə görüşdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı,  “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov «Ölkəmizi tanıyaq» tur aksiyasında rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 20 nəfər şagirdin, rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmasından, şagirdləri müşayiət edəcək müəllim və həkim heyətinin seçilməsindən danışaraq bildirmişdir ki, şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.
B.Səfərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. B.Səfərov demişdir: ”Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak edib. Noyabr ayının 14-17-si və 18-21-i tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 444 nəfərə çatmışdır.
Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan - Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial-iqtisadi sahədə inkişaf edir. Ölkəmizin bütün regionları gündən-günə abadlaşır, şəhər və rayonlarımızın siması yeniləşir, quruculuq, abadlıq-tikinti işləri aparılır, yeni məktəb binaları tikilir, ucqar dağ kəndlərinə qaz xətləri çəkilir, yollar salınır, səhiyyə müəssisələri, sosial obyektlər inşa edilir. Ölkəmizdə yeni-yeni istirahət guşələri, park və xiyabanların yaradılması və onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir.Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. 2018-ci ilin doqquz ayı ərzində ölkəmizin Prezidenti 12 xarici ölkəyə səfər etmiş, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də "Formula-1” yarışlarını misal göstərmək olar. Kənd təsərrüfatı sahələrinin-pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və sairənin inkişafı, özünüməşğulluğun təminatı, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması bu günümüzün əsas çağırışları kimi öndədir, uğurlu addımların nəticələri göz önündədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimiz daha da möhkəmlənir.  1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələri mövqelərimizi daim atəşə tutur, dinc əhalini, yaşayış yerlərini gülləboran edir. Düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprelin 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində yenidən quruldu, məcburi köçkünlər öz doğma yurdlarına döndülər. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə "Yeni əsrin müqaviləsi” adlandırılır. 2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin, ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin rəsmi açılışı olmuş, "Azerspace-2” peyki orbitə buraxılmışdır. 2018-ci il əlamətdar yubileylər ili olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə, Polisin, Prokurorluğun yaranmasının 100 illik yubileyləri münasibətilə geniş tədbirlər  təşkil edilmiş, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından dünya miqyasında 50 ən güclü ordu sırasındadır.“ “Çox istərdim ki, şuşalı gənclər ali hərbi məktəblərdə daha çox təhsil alsınlar.” - deyə İcra başçısı bildirdi.
16 noyabr –Beynəlxalq Tolerantlıq gününü qeyd edən  Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, “Beynəlxalq Tolerantlıq Günü” - 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ölkəmizdə dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyəyə gəlib çatması Prezident cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var.
Sonra “Ölkəmizi tanıyaq” adlı videoçarx nümayiş etdirildi. 
Görüşdə çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim  Xudiyev,  valideyn   Aynur Zeynalova,  1 nömrəli tam orta məktəbin  X sinif  şagirdi Murad Şəfəqqətov doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətinin çox böyük olmasını vurğulamış, şagirdlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirdilər. 
Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (rəhbəri Cəmilə Vəliyeva) üzvlərinin təqdim etdiyi sərgi və hazırladıqları konsert proqramı maraqla qarşılandı. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

 

 

 

 

Keçidlər