Şuşa rayonu üzrə 2014-cü ilin 6 ayının yekunları müzakirə olunmuşdur
18 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Şuşa Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda Şuşa Rayon İcra Hakimiyyətinin Aparat işçiləri, Başçının İnzibati ərazi dairəsi üzrə nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində iqtisadiyyat 2,1 faiz artmış, ümumi daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sektorunda inkişaf 7 faiz olmuşdur. İnflyasiya cəmi 1,6 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 4,7 faiz artaraq, inflyasiyanı 3 dəfə üstələmişdir. Hazırda ölkənin valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Cənab Bayram Səfərov bildirmişdir ki, bu il qəbul edilmiş üçüncü regional inkişaf proqramının icrası nəticəsində altı ay ərzində 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə kimi 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. İşsizlik böyük dərəcədə aradan qaldırılmışdır. Orta aylıq əmək haqqı 440 manatdır.
Cənab Bayram Səfərov 2014-cü ilin birinci yarısında rayonumuzun sosial-iqtisadi vəziyyəti haqqında statistik göstəriciləri iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Belə ki, 01 iyul 2014-cü il tarixə Şuşa rayon əhalisinin sayı 31665 nəfərdir. Onlardan 23158 nəfəri şəhər, 8507 nəfəri isə kənd əhalisidir. 2014-cü ilin birinci yarısında rayon üzrə 58 nəfər işlə təmin olunmuşdur. Məşğul əhalinin sayı 15657 nəfərdir. Dövlət müəssisələrində işləyənlərin sayı 7191 nəfər, qeyri-dövlət sektorunda işləyənlərin sayı 8466 nəfər, fərdi işləyənlərin sayı isə 4974 nəfərdir. 01 iyul 2014-cü il tarixə rayon üzrə qeydiyyatda olan büdcə təşkilatlarında çalışanların sayı 2283 nəfər olmuşdur.
Əhalinin Sosial Müdafiə Mərkəzi üzrə 2014-cü ilin birinci yarısında 103 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Hər bir ailə orta hesabla 130 manat məbləğində sosial yardım alır. Hesabat dövründə 6 nəfər əlilliyə, 1 nəfər ailə başçısını itirməyə, 8 nəfər sağlamlıq imkanı məhdud uşaqlara, 6 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad olmuş şəxslərə, 2 nəfər müharibə veteranına sosial müavinət, 1 nəfər müharibə əlilinə, 2 şəhid ailəsinə Prezident təqaüdü təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 3784 nəfər pensiyaçıdan 2056 nəfəri əlilliyə, 172 nəfəri ailə başçısını itirməyə, 1556 nəfəri isə yaşa görə pensiya alırlar. 2014-cü ilin 6 ayı ərzində 67 nəfərə pensiya təyin olunmuşdur. Digər rayonlarda yaşayan 19 nəfər Şuşa rayon sakininin pensiya işi şöbədə qeydiyyata alınmışdır.
İkinci rüb ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən 19 nəfər qeyri-məşğul vətəndaş müxtəlif sahələrdə işlə təmin olunmuş, 16 nəfər “Kompüterçi dizayner” ixtisası üzrə Bakı Regional Peşə Tədris Mərkəzində peşə hazırliğına cəlb edilmişdir.
Rayon İcra Hakimiyyətində vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına diqqətlə yanaşılır. Onların təklif, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması, problemlərin öyrənilməsi və həlli istiqamətlərində operativ tədbirlər görülür. 2014-cü ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 231 müraciət daxil olmuş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 130 müraciət azalmışdır.
Hesabat dövründə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
İclasda Şuşa rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Böyükağa Əhmədov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rayon şöbəsinin müdiri Arif Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Qaybalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Əliyev çıxış etmişdir.
İclasda əldə olunmuş uğurlarla yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuşdur.