Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Komitəsi məcburi köçkünlərin iştirakı ilə tədbir keçirib

24 dekabr 2018 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərir. Xalqımızın min illər boyu yaratdığı maddi və qeyri-maddi mədəni irsin qorunması və zənginləşdirilməsi dövlət siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın milli mədəni irsimizin, xüsusən Qarabağla bağlı mədəni-mənəvi dəyərlərimizin dünyada təbliğində və mühafizə olunmasında böyük xidmətləri vardır.

Bu barədə dekabrın 24-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıda Beynəlxalq Muğam Mərkəzində təşkil etiyi “Bir gün Qarabağda” adlı bədii-musiqili yaradıcılıq tədbirində ətraflı danışılıb. Tədbirin keçirilməsində məqsəd Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət və parlament təmsilçiləri, milli qəhrəmanlar, müharibə veteranları və əlillər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Muğam Mərkəzinin foyesində Qarabağ bölgəsinin folklor, xalçaçılıq, mətbəx mədəniyyəti nümunələri, məcburi köçkünlərin rəsm əsərləri və digər yaradıcılıq işləri ilə tanış olublar. Qarabağın tarixi şəxsiyyətlərinin obrazlarını canlandı ran Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının çıxışları, həmçinin gənc rəssam Aydın Rəhimovun işıqlı masa üzərində qumla yaratdığı Qarabağ motivlərini əks etdirən rəsmləri böyük maraqla qarşılanıb.

Sonra Muğam Mərkəzinin tamaşa zalında məcburi köçkünlər və qonaqlar qarşısında Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edib. Ölkəmizdə mədəniyyət, həmçinin məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin məqsəd və nəticələri barədə fikirlərini bölüşən millət vəkili xalqımızın zəngin mədəni-mənəvi irsinə Qarabağ bölgəsinin də tarixən öz layiqli töhfələr verdiyini bildirib. Otuz ildir dünyanın gözü qarşısında təcavüzkar siyasət həyata keçirən Ermənistanın bu bölgədə əsrlər boyu yaradılmış mədəniyyət abidələrimizi məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərdiyi, lakin Azərbaycan dövlətinin gücü və qüdrəti qarşısında aciz qaldığı, cənab İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın da tezliklə işğaldan azad ediləcəyi diqqətə çatdırıldı. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində geniş miqyaslı tədbirlər həyata keçirildiyi, indiyədək onlar üçün 100-dən çox qəsəbənin salındığı vurğulandı. Qeyd olundu ki, öz ad günündə məcburi köçkünlərlə birlikdə olmaq ənənəsinə sadiq qalan Prezident İlham Əliyev bu gün Birinci xanım Mehriban Əliyeva ilə birgə Sumqayıtda məcburi köçkünlər üçün inşa edilmiş 1000 ailəlik yeni və müasir yaşayış kompleksinin açılışında iştirak edib.

Muğam Mərkəzində keçirilən yaradıcılıq tədbiri Qarabağ muğam məktəbi yetirmələrinin konserti ilə başa çatıb.

Tədbir iştirakçıları doğma Qarabağımızın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər