“2 Fevral -Gənclər Günü” qeyd edilmişdir
31 yanvar 2019-cu il tarixdə Şuşa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Ramana-450” qəsəbəsində yerləşən Malıbəyli kənd Uşaq musiqi məktəbində “2 Fevral -Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayonun idarə, müəssisə rəhbərləri və gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov Gənclər Günü münasibətilə iştirakçıları təbrik etmiş, gənclər gününün təsis olunmasından, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışmış, gənclərimizi daha çalışqan və məsuliyyətli olmağa səsləmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti Başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Vüsalə Fətəliyeva dövlət tərəfindən, xüsusilə də ölkə başçısı, Prezident cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, gənclərimizi təbrik etmişdir. V.Fətəliyeva bildirmişdir ki, rayon gəncləri mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Bu gün Azərbaycan dövlətinin, o cümlədən xalqımızın ən böyük problemlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə hələ də Ermənistanın və onun arxasında dayanan qüvvələrin mənfur əməlləri nəticəsində həll edilməmiş qalır. Bu gün Azərbaycan dövləti tam əmindir ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu vardır. Bu günün gəncləri həm də cəmiyyətin, dövlətin keşikçiləridir. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi Azərbaycan dövlətinin və gənclərimizin qarşısında duran əsas vəzifədir.
Sonra rayonun ictimai-siyasi və idman sahəsində fəal iştirakına görə bir qrup gənc rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular.
Təltiflərdən sonra tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin iştirakı ilə hazırlanmış konsert proqramı ilə davam etmişdir.