Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gələcək üçün erkən nikaha yox deyək”mövzusunda tədbir

09 fevral 2019 | 16:00

 

2019-cu il fevral ayının 8-də Şuşa rayon İcra Hakimiyyətinin və rayon Qadınlar Şurasının təşkilatçılığı ilə Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində “Sağlam gələcək üçün erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, Qadinalr Şurasının üzvləri, Mərkəzi Rayon Xəstəxanasının həkimləri, təhsil işçiləri, valideynlər, yeniyetmə və gənclər iştirak ediblər.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qadınlar Şurası Şuşa rayon Təşkilatının sədri Vəsilə Fətəliyeva erkən nikahın yaratdığı fəsadlar barədə danışıb. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub deyən V.Fətəliyeva vurğulayıb ki, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. O, qeyd edib ki, insanlar dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Burada məsuliyyət tək valideynin üzərinə düşməməlidir, həm də orta məktəbin və məktəb rəhbərliyinin məsuliyyəti olmalıdır. Kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz. Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur.

Şuşa rayon Qadınlar Şurasının sədri, rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova bildirib ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Bir sıra hallarda ailə

quran tərəflərin yaş həddinin aşağı olması sonradan problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. V.Xəlilova erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib.

Şuşa Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini Kəmalə Səfərova bildirib ki, erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur, uşaqlıq dünyasından məhrum edilir. Erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artmışdır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. K.Səfərova yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğulayaraq, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışıb.

Şuşa Mərkəzi Rayon Xəstəxanasının həkimi Səfurəxanım İsmayılova erkən nikahı cəmiyyətin bəlası adlandıraraq, qeyd edib ki, fiziki sağlamlığı tam mənada formalaşmayan gənc qızların erkən nikahlara məcbur edilməsi gələcək ailə həyatında problemlərin yaranmasına, onların həm fiziki, həm də mənəvi cəhətdən zəifləməsinə gətirib çıxarır. Hər bir kəsin ailə qurmağa haqqı vardır, lakin insan fərd olaraq fizioloji və bioloji baxımdan tam inkişaf etməlidir.

Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı G. Babayeva çıxış edərək, mövzunun əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıb. Bildirib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını

məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru Günəş Hüseynova qeyd edib ki, erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Paralel şəkildə təhsilə yönləndirmə olmalıdır. Təhsil çox vacib amildir.Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir.

Şuşa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Mehparə Xəlilova gənclərin asudə vaxtının daha səmərəli keçirməsi məqsədilə onların kitabxanalara müraciət etmələrini tövsiyə edərək, belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdı.

Tədbirdə erkən nikah yaşı və onun fəsadları barədə videoçarx nümayiş etdirilib. Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin və rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

 

 

 

Keçidlər