Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalı günü
1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndini işğal etmişdir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərinin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçmiş, üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilmişdir. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilmişdir. İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilmiş, əsir götürülmüş, yüzlərlə sakin yaralanmışdır.
Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin erməni separatçıları tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı 11.02.2019-cu il tarixdə Quşçular və Malıbəyli kənd əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı Sabunçu rayonu Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında və “Ramana-450” qəsəbəsində tədbirlər keçirilmişdir.
Tədbirlərdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparat işçiləri, şəhid ailələri, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri, məktəblilər iştirak etmişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, erməni vandallarının törətdiyi terrorizmdən, azərbaycanlıların soyqırıma məruz qalmasını təsdiqləyən faktlardan söhbət açmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Prezidentin prinsipial mövqeyi, dövlətimizin artan sosial-iqtisadi inkişafı nəticəsində beynəlxalq arenada söz sahibi olması, böyük qələbəyə olan inam və ümid ifadə olunmuşdur.
Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahib Musayev və Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əmirxan Qarayev Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdiyi vəhşi əməllərin bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu bir daha vurğulamışlar.
Quşçular və Malıbəyli kəndlərinin işğaldan əvvəlki dövlərdəki zamanından bəhs edən, vətən uğrunda canlarından keçən hər iki kəndin şəhidləri haqqında videoçarx nümayiş edildi.
Quşçular və Malıbəyli kənd məktəblilərinin, Şuşa Mədəniyyət Mərkəzinin kollektivinin ifasında şəhidlərimizin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.