Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş keçirilmişdir

16 aprel 2019 | 16:00

 

16 aprel 2019-cu il tarixində Şuşa və Cəbrayıl rayon İcra Hakimiyyətləri, həmin rayonların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələri ilə birgə hərbi xidmətdən tərxis olmuş gənclərlə görüş keçirmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. B.Səfərov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışaraq, gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırdı. “Bu gün Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi var. Aprel döyüşlərinin nəticələri Azərbaycan gənclərinin vətənpərvərlik hissini bir daha yüksəltdi. Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsindən - qalib ordumuzun işğaldan azad etdiyi yüksəkliklərdən xalqımıza mesaj verərək bildirdi ki, ölkə və millət olaraq birinci növbədə Qarabağ müharibəsində itirdiyimiz torpaqları hərb yolu ilə geri qaytarmağa tam hazırıq! Aprel döyüşləri göstərdi ki, bunun üçün həm ölkə rəhbərliyinin siyasi iradəsi, xalqın mübarizə ruhu, həm də bu şərəfli vəzifəni yerinə yetirməyə qadir olan qüdrətli Silahlı Qüvvələrimiz var! Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. “-deyə B.Səfərov bildirdi.

Tədbirdə Azərbaycan Milli Ordusu haqqında videoçarx nümayiş etdirildi.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə və şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə göstərilən diqqət və qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən geniş danışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi Anar Əliyev vurğuladı ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır.

Sonra Şuşa və Cəbrayıl rayonundan olan, ordudan tərxis olunmuş gənclər çıxış edərək hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və qayğıdan söhbət açdılar. Onlar hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını qeyd etdilər.

Digər çıxışlarda da işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və məcburi köçkünlərin öz-yurd yuvalarına qayıdacaqlarına əminlik ifadə olundu.

Sonra həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə xatirə hədiyyələri təqdim edildi.

Tədbirin sonunda Şuşa rayon Mədəniyyət Mərkəzinin musiqi təbriki maraqla qarşılandı.

Tərxis olunmuş gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

Keçidlər