Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər

08 may 2019 | 16:00

 

XX əsrin sonunda Ermənistan silahlı qüvvələrinin bölmələri erməni terrorçu dəstələri ilə birlikdə yuxarı Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu.

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin Konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 27 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Beynəlxalq Mətbuat Mərkəzində may ayının 7-də Şuşa hadisələrinə həsr edilmiş filmin təqdimatı və Xalça muzeyinin Şuşa filialında Şuşanın işğalı ilə bağlı tədbirlər təşkil edilmişdir.

Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşanın işğalı ilə bağlı may ayının 8-də tədbir keçirilmişdir.

08 may 2019-cu il tarixdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatlarıı Flora Qasımova, Qənirə Paşayeva, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda

şəhid olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbir Teatrın yeni binasında təşkil edilmişdir. Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikasının bu gün də işğalçılıq siyasətini davam etdirməsindən danışmış, bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər həlak olmuş, 50 min nəfər yaralanmış, təxminən 5 min nəfər əsir və itkin düşmüşdür. B.Səfərov vurğuladı ki, Qarabağ xanlığının strateji mərkəzi sayılmış, məscidləri, karvansaraları, mədrəsələri, abidələri ilə tarixi-memarlıq diyarına çevrilmiş Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə 195 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə itkin düşmüşdür. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi və şəhərin digər mədəniyyət ocaqları, tarixi abidələri erməni vandalizminin qurbanı olmuşdur. Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri ermənilər tərəfindən vəhşicəsinə güllələnmişdir.

Şuşa Dövlət Musiqili Dram Teatrının təqdim etdiyi videoçarxlar və aktyorların ifasında “Şuşa həsrəti” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər