Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” Layihəsi

10 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikası prezidentinin “Ölkəmizi tanıyaq” layihəsinin davamı olaraq  “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Şuşa şəhəri Malıbəyli kənd orta məktəbinin şagirdləri ilə Gəncənin 43 saylı tam orta məktəbi arasında Qardaşlaşma sazişi imzalanıb.
Gəncə məktəbliləri plakatlar, şüarlarla Şuşa məktəblilərini Heydər Əliyev Mərkəzinin qarşısında böyük coşqu ilə qarşılayıb. Məktəblilər muzeylə yaxından tanış olduqdan sonra 43 saylı məktəbdə Qardaşlaşma haqqında saziş imzalayıblar.
Sazişi hər iki məktəbin direktoru və şagird nümayəndələri imzalayıb. Gəncə şəhər 43 saylı orta məktəbin direktoru Günay Əliyeva məktəblərin qardaşlaşmasını xoş hadisə adlandırıb: “Biz çox sevinirik ki, Şuşa məktəbi ilə bundan sonra birgə fəaliyyət göstərəcəyik. Bilik Fonduna belə bir layihə həyata keçirdiyinə və ilk olaraq bizim məktəbləri seçdiyinə görə minnətdarlıq edirəm. Bu gündən uğurlarımıza birgə sevinəcək, problemlərimizi birgə aradan qaldıracağıq. Görəcəyimiz bütün işlər Azərbaycanımızın daha da inkişaf etməsi, cəmiyyətimizin bilikli olması üçündür”.
Şuşa şəhər Malıbəyli kənd 1 saylı orta məktəbinin direktoru Günəş Hüseynova da çıxışında rəhbərlik etdiyi məktəbə “Qardaşlaşmış məktəblər” layihəsində yer verildiyi üçün məmnun olduğunu deyib: “Bilirsiniz, bizim məktəb bir çox tədbirlərdə iştirak edib. Ancaq bu layihədə iştirakımız yaddaşımıza əbədi həkk olunacaq. Gəncəlilər bizi çox mehriban qarşıladı. Bütün şəhər bu layihədən danışır. Hara gedirik bizim üçün xüsusi proqram hazırlandığının şahidi oluruq. İnanıram ki, qardaşlaşmamız əbədi olacaq. Şuşa məktəbi də Gəncə məktəbini gözləyir. Siz bizə qonaq kimi yox, qardaş kimi gələcəksiniz. Az qalıb, biz tezliklə Gəncə məktəblilərini doğma Şuşada qarşılayacağıq. Heç kim bu ümidi itirməməlidir. Belə övladları olan xalq mütləq düşmənə qalib gələcək”.
Qardaşlaşan məktəblilər də iştirak etdikləri layihə çərçivəsində keçirdikləri xoş saatları heç vaxt unutmayacaqlarını deyiblər.
Sazişin imzalanmasından sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında məktəblilər dəyirmi masa keçirib. “Mənim arzum budur ki..” mövzusunda keçirilən müzakirələrdə şagirdlər arzularını dilə gətiriblər. Onlar işğalda olan Azərbaycan torpaqlarının azad olunmasının ən böyük arzuları olduğunu bildiriblər. Bunun üçün isə Vətənə layiqli, savadlı, bilikli övlad olmağın vacibliyini vurğulayıblar.
Dəyirmi masada məktəblilərin qonağı olan akademik Fuad Əliyev belə bir layihənin cəmiyyətin maariflənməsində müstəsna rol oynadığını vurğulayıb.
Məktəblilər Nizami Gəncəvi məqbərəsində, muzeydə, “Qala qapısı”nda olublar, Gəncənin tarixi barədə ətraflı məlumat alıblar.
Gəncə İcra Hakimiyyətinin təşkilatçılığı ilə şam yeməyi zamanı məktəblilər üçün konsert təşkil olunub. Konsertdə Şuşa və Gəncə məktəbliləri çıxış ediblər.

Keçidlər