Şuşa rayonu üzrə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr 2019-cu ilin 18 may tarixində Şuşa rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Milli Məclisin deputatları - Elman Məmmədov və Flora Qasımova, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermiş, Dövlətimizin başçısının geniş nitq söyləyərək aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını qeyd etmişdir.
B.Səfərov hesabat məruzəsində rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
01.04.2019-cu il tarixə Şuşa rayon əhalisinin sayı 34235 nəfər olmuşdur ki, onlardan 24864 nəfəri şəhər, 9371 nəfəri isə kənd əhalisidir. Məşğul əhalinin sayı 16112 nəfərdir, onlardan – 13012 nəfəri şəhər, 3100 nəfəri isə kənd yerlərində çalışır. İqtisadi fəal əhali cəmi 17207 nəfərdir.
Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən 2019-cu ilin birinci rübü ərzində 54 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onlardan 6 nəfəri işlə təmin olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər” haqqında 07 aprel 2016-cı il tarixli sərəncamına uyğun olaraq 2019-cu ilin birinci rübü ərzində mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyatda olan 12 nəfər qeyri-məşğul vətəndaş kənd təsərrüfatı sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilmişdir. Hazırda həmin vətəndaşlar gələcək bizneslərinin uğurlu başlanğıcı məqsədilə təlimlərdə iştirak edirlər. Təlimin sonunda biznes planlarını uğurla müdafiə edənlər seçdikləri sahə üzrə zəruri aktivlərlə təmin olunacaqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən 11 fevral 2019-cu il tarixdən əhalinin geniş tibbi müayinəsinə başlanmış, 01 aprel 2019-cu il tarixə 14142 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. İlkin aşkar edilmiş xəstələr müalicəyə cəlb olunmuş, 40 nəfər müayinə və müalicə üçün Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinə göndərilmişdir. Tibbi müayinələrin yekununa əsasən rayon üzrə 22867 nəfər müayinədən keçmişdir.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi diqqət mərkəzində saxlanılmışdır.
Tədbirdə çıxış edən Şuşa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Emin Bağırov, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa rayon İcra Hakimiyyəti başçısının Şırlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Hüseynov övlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırmış, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirdilər.
Milli Məclisin deputatı Flora Qasımova Şuşa rayonu üzrə əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışdı, şuşalılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq bildirdi ki, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Sənaye istehsalı 4,4 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz
artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu.
Məsələ ilə bağlı Qərar layihəsi səsə qoyularaq qəbul edildi.