Əhmədbəy Ağaoğlunun 150 illik yubileyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Şuşa rayon İcra Hakimiyyətinin, Azərbaycan Mətbuat Şurasının və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı Şuşa şəhər 1 nömrəli tam orta məktəbində tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və BDU-nun Jurnalistika fakültəsinin professor və müəllim heyəti, ziyalılar və Şuşa rayon ictimaiyyəti iştirak edirdi.
Tədbirin keçirildiyi Şuşa şəhər 1 nömrəli tam orta məktəbin hər mərtəbəsində Şuşa rayonunun musiqiçiləri Azərbaycan musiqisini, mədəniyyətini bu gün də fəxrlə təmsil etdikləri bir daha nümayiş edildi. Şuşa Rəsm Qalereyasının (rəssam Rövşən Bayramov) təqdim etdiyi Şuşanın rəsm əsərlərindən ibarət sərgi də çox maraqla izləndi.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya və Emin Məmmədlinin ifasında “Ey Vətən” mahnısı maraqla qarşılandı.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Mətbuat tarixi kafedrasının professoru-məruzəçi Yaqublu Nəsiman, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmlər doktoru, professor
Məmmədli Cahangir, Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri, Filologiya üzrə elmlər doktoru, professor Məmmədli Allahverdi, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Məmmədli, Televiziya və Radio Jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli, Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əzimova Aygün, Mətbuat tarixi kafedrasının doktorantı Məmmədova Ruxsarə və Ağayevlər nəslinin nümayəndəsi, təhsil nazirliyinin əməkdaşı Rövşən Ağayev Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri, görkəmli hüquqşünas, publisist, tənqidçi və şərqşünas alim Əhməd bəy Ağayevin (1869-1939) Azərbaycanın milli mübarizə tarixində görkəmli rol oynamasından danışdılar.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək, Şuşanın görkəmli şəxsiyyətləri barədə məlumat verdi. Respublikamızın sosial-iqtisadi sahədə bu gün əldə etdiyi uğurlardan, inkişafdan danışaraq, bu cür tədbirlərin işğaldan azad edilmiş yurd yerlərimizdə, doğma torpaqlarımızda keçiriləcəyinə əminliyini vurğuladı.
Tədbirin sonunda Şuşa şəhər Bülbülcan adına musiqi məktəbinin müəllimləri Siyavuş Mehdiyev və Xəyalə Əliyevanın ifasında “Qarabağ şikəstəsi” səsləndi.