Şuşa rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri keçirilmişdir
2019-cu il 14 iyun tarixində Şuşa rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlanan «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə məzunları təbrik edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva məktəb kollektivinin uğurlarını qeyd edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, elmli, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. V.Fətəliyeva qeyd etdi ki, Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, yeniləri tikilərək şagirdlərin istifadəsinə verilir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi Azərbaycan Respublikasının Birinci vitse – Prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan qayğı və diqqətinin bariz nümunəsidir.
Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev qeyd etdi ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin
rəhbəri Gülnar Qurbanova bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivlərinin qazandığı uğurlar barədə məlumat vermişdir.
Tədbirdə müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. “Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.