Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri və şəhər ictimaiyyəti 18 sentyabr tarixində Fəxri Xiyabana gedərək Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarını və Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsini ziyarət etmişlər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə xalq artistləri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bayram münasibətilə musiqisevərləri təbrik etmiş, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışmışlar. Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açmış , milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulamış və musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə etmişlər.
Natiqlər bu musiqi bayramının tezliklə Şuşada keçiriləcəyinə inamlarını ifadə etmişlər.
Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət xor kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunmuşdur.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov və şəhər ziyalıları iştirak etmişlər.