Şuşa rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir
07 avqustda Şuşa rayonu üzrə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı B.Səfərov hesabat məruzəsində bildirdi ki, iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Dövlət başçısı 2019-cu ilin 6 ayı ərzində qarşıya qoyulan vəzifələrin icra edildiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını qeyd etmişdir.
İcra başçısı əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayon üzrə ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
01 iyul 2019-cu il tarixə Şuşa rayon əhalisinin sayı 34289 nəfərdir, onlardan 24901 nəfəri şəhər, 9388 nəfəri isə kənd əhalisidir.
2019-cu ilin birinci yarısında rayon üzrə 33 nəfər işlə təmin olunmuşdur. Məşğul əhalinin sayı 16112 nəfərdir. Rayon üzrə qeydiyyatda olan büdcə təşkilatlarında çalışanların sayı 1812 nəfərdir. İqtisadi fəal əhali 17207 nəfərdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 3956 nəfər pensiyaçıdan 2093 nəfəri əlilliyə, 276 nəfəri ailə başçısını itirməyə, 1587 nəfəri isə yaşa görə pensiya alırlar. Hesabat dövründə 49 nəfər yaşa görə, 6 nəfər ailə başçısını itirməyə, 25 nəfər sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara, 41 nəfər ümumi xəstəlikdən əlil olanlara sosial müavinətlər təyin edilmişdir. 2019-cu ilin ikinici rübü ərzində 25 nəfər
vətəndaşa pensiya təyin edilmişdir. 01 aprel 2019-cu il tarixindən 940 nəfər Qarabağ müharibəsi veteranlarına və birinci qrup əlillərə yeni Prezident təqaüdü təyin edilmişdir.
Şuşa rayon Vergilər Şöbəsi tərəfindən 2019-cu ilin 6 ayı ərzində təyin olunmuş 617800 manat proqnoz plana qarşı 774300 manat vəsaitin büdcəyə ödənilməsi təmin edilmiş, plan tapşırıqlarına 125,3 faiz əməl edilmişdir. Şöbə tərəfindən 2019-cu ilin 6 ayı ərzində 18 fiziki şəxs qeydiyyata alınmışdır.
Dövlət Sığorta Kommersiya Şirkətinin Şuşa rayon filialında 2019-cu ilin 6 ayında əhalidən 22139 manat sığorta tədiyyəsi toplanmış, ötən ilə nisbətən 4812 manat çox olmuşdur.
Ordu sıralarına çağırışın vəziyyəti ilə bağlı görülən işlər Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmış və bu sahəyə diqqət artırılmışdır. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar vətəndaşların həqiqi hərbi xidmətə çağırılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi tərəfindən yüksək səviyyədə təmin olunmuşdur. 2019-cu ilin ikinci rübü ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsində 15 nəfər müddətli həqiqi hərbi xidmətə göndərilib, 25 nəfər ordu sıralarından tərxis olunaraq qeydiyyata alınıb.
Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər.
Şuşa rayon Polis şöbəsinin əməkdaşları 2019-cu ilin ikinci rübü ərzində ictimai asayişin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, hüquqpozmalara və cinayətkarlığa qarşı mübarizə istiqamətində ardıcıl işlər görmüşlər.
Rayon Məşğulluq Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri vətəndaşların məşğulluğunun təmin olunması, sosial müdafiəsinin gücləndirilməsidir. Mərkəz tərəfindən rayonun sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla Ərazi Məşğulluq Proqramı tərtib olunur. 2019-cu ilin ikinci rübü ərzində mərkəz tərəfindən 99 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, onlardan 11 nəfəri işlə təmin olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər” haqqında 07 aprel 2016-cı il tarixli sərəncamı respublikamızda və rayon üzrə uğurla icra olunmaqdadır.
Hesabat dövründə mərkəzdə işsiz vətəndaş kimi qeydiyyatda olan 12 nəfər qeyri-məşğul vətəndaş kənd təsərrüfatı sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilib. 2019-cu ilin 6 ayı ərzində 16 nəfər qeyri-məşğul vətəndaş “Kompüterçi-dizayner” ixtisası üzrə Bakı Regional Peşə Tədrisi Mərkəzində peşə hazırlığına cəlb edilmişdir.
2019-cu ilin altı ayı ərzində Şuşa rayon Qeydiyyat şöbəsinə 160 müxtəlif məzmunlu müraciət daxil olmuş, 360 nəfər şöbədə qəbul edilmişdir.
Şuşa Mərkəzi Rayon Xəstəxanasının Poliklinikası Yasamal rayonunda, Malıbəyli Kənd Həkim Məntəqəsi və Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsi “Rаmanа 450” qəsəbəsində, Quşçular Kənd Həkim Məntəqəsi Pirşağıda “Gilavar” sanatoriyasında və Mirzələr qış yatağında yerləşən Xanalılar və Allahqulular Kənd Həkim Məntəqəsı tərəfindən rayon əhalisinə tibbi xidmət göstərilir. Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinə 6 ay ərzində 26150 Ambulator müraciət olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin tibbi müayinədən keçirilməsi barədə” 01.02.2016 tarixli 19-S №li Sərəncamının icrası zamanı 15145 nəfər Şuşa Mərkəzi Rayon Xəstəxanasının tibb heyəti tərəfindən müayinə edilmiş, ilkin aşkar edilmiş xəstələr müalicəyə cəlb olunmuş, stasionar müalicəsinə ehtiyacı olanlar pulsuz müayinə və müalicə üçün Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən 2019-cu il fevralın 12-dən may ayının 15-dək Mərkəzi Rayon Xəstəxanasının tibb müəssisələrində də əhalinin geniş tibbi müayinəsi keçirilmişdir. Bakı şəhərindəki xəstəxanalara 51 nəfər stasionar müayinə və müalicə üçün göndərilmişdir. Malıbəyli Kənd Həkim Məntəqəsində 410 uşağa peyvənd aparılmışdır. 6 ay ərzində Şuşa Mərkəzi Rayon Xəstəxanası tərəfindən əlilliyin təyini üçün 0-18 yaş arası 14 nəfər, 18 yaşdan yuxarı isə 44 nəfər “TSEK”ə göndərilmişdir. Şuşa rayon icra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzi Klinikanın şöbə müdiri, Əməkdar həkim Mahirə İsmayılovanın rəhbərliyi altında tibbi heyət mayın 11-də Şuşa rayonuna məxsus Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib.
2019-cu ilin 6 ayı ərzində rayon üzrə keçirilən ictimai-siyasi, humanitar məsələlərlə bağlı bütün tədbirlərdə mədəniyyət müəssisələri fəal iştirak etmişdir. Rayon üzrə 7 uşaq musiqi məktəbi, 1 uşaq İncəsənət
məktəbi, 1 Mərkəzi Kitabxana Sistemi və onun 11 filialı, 1 rayon Mədəniyyət Mərkəzi, 3 kənd mədəniyyət evi, 2 klub, 1 muzey, 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bu il Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Kürdəxanı qəsəbəsində yeni salınmış qəsəbədə Quşçular kənd Uşaq Musiqi məktəbi üçün yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Musiqi məktəbi dərslərin və tədbirləin mükəmməl səviyyədə həyata keçirilməsi üçün bütün şəraitlə təmin edilib. Şuşa rayon Mərkəzi Kitabxana Sisteminin 38610 ədəd kitab Fondu vardır. Bu ilin 6 ay ərzində Kitabxanaya 2300 ədəd kitab alınmışdır.
2019-cui ilin 6 ayı ərzində Şuşa Dövlət Musiqili Dram Teatrında 75 tamaşa oynanılmış, 4300 tamaşaçıya mədəni xidmət göstərilmişdir. İyul ayında Teatrın bağlanış mövsümü ilə əlaqədar geniş tədbir keçirilmişdir.
2019-cu ilin birinci yarım ilində Şuşa rayon Gənclər və İdman idarəsinin fəaliyyəti Dövlət Gənclər Siyasəti, Azərbaycan Respublikasının “Bədən Tərbiyəsi və İdman haqqında Qanunu” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na əsasən qurulmuş, tədbirlər və iş planına uyğun olaraq təmin edilmişdir. Şuşa rayon gənclərinin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədilə idarə tərəfindən mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir.
Hesabat dövrü ərzində tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər.
Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin müdiri Sarı Bərxudarov, Şuşa rayon Vergilər şöbəsinin rəis müavini Elçin Məmmədov, Şuşa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Emin Bağırov məruzə ətrafında çıxışlar etmişlər.
Məsələ ilə bağlı qərar layihəsi qəbul edilmişdir.