Şuşa rayonunun ümumtəhsil məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilib
20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində rayonumuz üzrə bir sıra silsilə tədbirlər həyata keçirilmiş, aidiyyəti qurumlara tövsiyə və tapşırıqlar verilmişdir.
Şuşa rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü ərəfəsində ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri, disputlar, “dəyirmi masa”lar, sərgilər təşkil edilmişdir. Uşaq hüquqlarının tanınması məqsədlə rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ümumtəhsil məktəblərində Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının yaranma tarixindən, uşaqların hansı hüquqlara malik olmalarından, onlara göstərilən diqqət və qayğıdan geniş söhbətlər aparmışlar.
Oktyabr ayının 22-də Şuşa şəhər 12 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər uşaqların pis vərdişlərdən uzaq olmaları üçün təlim və tərbiyənin önəmli rol oynamasından, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə məlumat verdilər.
Oktyabr ayının 28-də Şuşa rayon 7 nömrəli tam orta məktəbdə təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə “Mənim hüquqlarım mənim qalxanımdır” mövzusunda keçirilən tədbirdə əvvəlcə Uşaq Hüquqları anlayışını əks etdirən sərgiyə baxış oldu. Tədbirdə məktəbin V-XI sinif şagirdləri iştirak edirdi. Tədbirdə şagirdlərə insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verildi və uşaqların çoxsaylı sualları ətraflı cavablandırıldı.
Oktyabr ayının 24-də Şuşa rayon 10 nömrəli tam orta məktəbdə “Mənim hüquqlarım” mövzusundakı tədbirdə mövzu ilə əlaqədar şagirdlərə ətraflı məlumat verildi. Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi “Uşaq hüquqları “ adlı videoçarx nümayiş etdirildi.
Noyabr ayının 1-də Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə “Heç bir uşağı nəzərdən qaçırmayaq” mövzusundakı tədbirdə çıxış edənlər uşaq hüquqlarının yaranma tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verdilər. Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.
Noyabr ayının 4-də Şuşa şəhər 18 nömrəli məktəbdə “Sən hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Qarabağ müharibəsi zamanı erməni faşistlərinin azyaşlı soydaşlarımızın öldürülməsi, onlara verilən işgəncələr diqqətə çatdırılıb. Tədbir zamanı şagirdlər BMT - nin Uşaq hüquqları Konvensiyasına əsasən qəbul olunmuş uşaq hüquqları ilə də tanış edilib.
Belə maarifləndirici tədbirlər noyabr ayının 20 -nə qədər davam etdiriləcəkdir.