Şuşa rayonu üzrə Əlaqələndirmə Komitəsinin növbəti iclasında 2020-ci il üçün rayon Ərazi Məşğulluq Proqramının layihəsi müzakirə edilib
Ərazi Məşğulluq Proqramı əmək bazarının formalaşması və tənzimlənməsi istiqamətində məşğulluq siyasətinin əsas alətlərindən biri, yəni əhəmiyyətli dövlət mexanizmidir. Ölkənin sosial-iqtisadi tərəqqisi regionların iqtisadi inkişafından əhəmiyyətli dərəcədə asılıdır. Bu inkişafın səviyyəsinə uyğun olaraq da əmək bazarı formalaşır. Əmək bazarının formalaşmasının qaynağı əhalidir. Onların müəyyən bir hissəsi əmək resursu olaraq nəzərə alınır. Bu və ya digər resurslardan səmərəli istifadə olunması məqsədilə də hər il rayonun sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla Ərazi Məşğulluq Proqramı tərtib olunur.Ərazi Məşğulluq Proqramının region- larda məşğulluq probleminin həllində, işsizlik səviyyəsinin proqnozlaşdırılmasında, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunmasında xüsusi rolu vardır. Bu baxımdan oktyabr ayının 30-da Şuşa rayonu üzrə Əlaqələndirmə Komitəsinin növbəti iclasında 2020-ci il üçün rayon Ərazi Məşğulluq Proqramının layihəsi müzakirə edilib.İclasda Əlaqələndirmə Komitəsinin üzvləri,rayonun bir sıra idarə,müəssisə rəhbərləri iştirak ediblər.Rayon üzrə Əlaqələndirmə Komitəsinin sədri Əkbər Hacıyev, rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova Proqram layihəsi ilə bağlı ətraflı məlumat veriblər. Müzakirə zamanı Şuşa rayon İcra hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Kəmalə Səfərova, rayon Maliyyə şöbəsinin müdiri vəzifəsini icra edən Əlövsət Xanhüseynov,Səfixanlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev növbəti il üçün tərtib edilmiş Şuşa rayonu üzrə Ərazi Məşğulluq Proqramı haqqında öz fikirlərini bildiriblər.
İclasın sonunda 2020-ci il üçün Şuşa rayonu üzrə tərtib olunmuş Ərazi Məşğulluq Proqramının qənaətbəxş hesab edilməsi ilə bağlı qərar qəbul edilmişdir..