20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Şuşa rayonu üzrə silsilə tədbirlər keçirilmişdir
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Şuşa rayonu üzrə silsilə tədbirlər keçirilmişdir
1990-cı ilin faciəli 20 yanvar günü Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş 20 yanvar faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən Şuşa rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və faciənin 30-cu ildönümü ilə əlaqədar olaraq rayonun idarə, müəssisələrində, ümumtəhsil məktəblərində anım mərasimləri, yığıncaqlar, müxtəlif tərbirlər keçirilmişdir.
Yanvar ayının 18-də Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir.Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatlığa namizədi Elman Məmmədov, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etdi: “ Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizə aparan xalqı cəzalandırmaq məqsədilə həmin gün imperiya rəhbərləri Bakı şəhərinə - əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 321 nəfər itkin düşmüş, 841 nəfər qanunsuz həbs olunmuşdur.
Ümummilli Lider Heydər Əliyev ilk olaraq Sovet imperiyasının bu vəhşiliyinə Moskvada açıq surətdə öz etirazını bildirdi.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-çı il Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” adı verilmişdir.
Ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilib.
Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına tikilən fərdi və yaşayış evlərinin sayı artır.
Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva da 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.
Bu il xalqımız 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd edir, canlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban verən mərd oğul və qızlarımızın fədakarlığı, onların əziz xatirələri ehtiramla yad olunur.”
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “Yanvarın iyirminci günü” adlı ədəbi–bədii kompozisiya təqdim etmişdir.
Kompozisiyanın hazırlanmasında Məhəmmədhüseyn Şəhriyarın, Xalq şairləri Bəxtiyar Vahabzadənin və Zəlimxan Yaqubun, şairə Xanirə İsgəndərovanın şeirlərindən, Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Volfqanq Amadey Motsartın musiqilərindən istifadə olunmuşdur.Quruluşçu rejissor, teatrın baş rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimov, musiqi tərtibatçısı Respublikanın Əməkdar artisti Azad Məmmədovdur.
Ədəbi–bədii kompozisiyada Xalq artisti Sükufə Musayeva, Əməkdar artistlər Nazir Rüstəmov və Teymur Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Xanirə İsgəndərova, Aybəniz Cahangirova, Rasəf Mehdiyev, Emin Sevdiməliyev iştirak ediblər.
2020-ci il yanvar ayının 20-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Aparatın məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar və məktəblilər Şəhidlər xiyabanını ziyarət etmişlər.