Daşaltı əməliyyatından 28 il keçir
Şuşa rayon ictimaiyyəti Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur.
2020-ci il yanvar ayının 26-da Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcra Aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti, müharibə veteranları, döyüşçülər 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı və 28 yanvar 1992-ci il tarixlərində "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişlər. Şəhidlər Xiyabanında 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı şəhid olanların xatirəsinə qoyulmuş lövhə Şuşa rayon İcra Hakimiyyəti tərəfindən yenidən bərpa edilmiş, şəhid olanların xatirəsini əbədiləşdirən, onların hər birinin adı qeyd olunan yeni abidə kompleksi ucaldılmışdır.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bildirdi ki, Ümummilli liderin müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir . Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir.
Tədbirdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş igid qəhrəmanları ilə həmişə fəxr etdiklərini bildirmiş və şəhid ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıb, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.