Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olub.

07 fevral 2020 | 16:00

Heydər Əliyev Sarayında Xalq artisti, müğənni-bəstəkar, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun anadan olmasının 75 illik yubileyi qeyd edilib

Fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olub.

Polad Bülbüloğlu 1945-ci ildə Bakıda Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (dahi Qara Qarayevin sinfi) bitirib.

Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni bir çox beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə Polad Bülbüloğlu Rusiya, ABŞ, Kanada, Türkiyə, Fransa, Argentina, Polşa, Almaniya, Danimarka, Niderland Krallığı, İsveçrə, Finlandiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova və Gürcüstanda böyük uğurla çıxış edib.

Öz bənzərsiz ifası ilə milli estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun bəstələri içərisində ona ən çox şöhrət gətirən isə müəliifi və ifaçısı olduğu “Gəl, ey səhər” mahnısıdır. Bundan əlavə, “Doğma diyar”, “Şən Azərbaycan”, “Durnalar”, “Bayatılar”, “Vətən haqqında mahnı”, “Bakı”, “Məni gözlə”, “Gözəllər”, “Bənövşələr”, “Həsrətimsən” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildәn 2006-cı ilə kimi isə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.

Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adları, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Fevralın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, müğənni-bəstəkar, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley konserti təşkil olunub.

Tədbirdə tanınmış elm, mədəniyyət incəsənət xadimləri, hökumət və dövlət nümayəndələri, habelə ictimaiyyətin üzvləri iştirak ediblər.

Əvvəlcə tamaşaçılar Polad Bülbüloğlunun ifa etdiyi mahnılardan ibarət videoçarxı izləyiblər. Tədbirdə yubilyarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat verilib. Bildirilib ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə, Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.

Konsert çərçivəsində Polad Bülbüloğlu 60-70-ci illərdə səsləndirdiyi mahnılara yenidən müraciət edib. Bir-birindən parlaq ifalar maraqla qarşılanıb.

Yubiley tədbirində iştirak edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xalq artisti, müğənni-bəstəkar, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunu anadan olmasının 75 illik yubileyi münasibətilə bütün şuşalılar adından təbrik edib və ona yaradıcılığında, ictimai fəaliyyətində, şəxsi həyatınıda böyük uğurlar və nailiyyətlər arzu edib. B.Səfərov təqdim etdiyi təbrik məktubunda arzusunu dilə gətirərək qeyd edib: “Biz şuşalılar inanırıq ki, əsgərlərlə keçirilən görüşdə arzu etdiyiniz Şah əsərinizi - Qarabağ haqqında yazacağınız Qələbə marşını Cıdır düzündə ifa edəcəksiniz!”.

 

 

 

 

Keçidlər