Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi.Bu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 28 il ötür
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, bir nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb.Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırılıb. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.