Şuşa rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirildi
2020-ci il fevral ayının 25-də Şuşa rayon İcra Hakimiyyətinin 2019-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yanında 13 yanvar 2020-ci il tarixli iclasında və 03 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncaqda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin 12-ci sektorunun müdiri Ağa-Əli Əhmədov, Şuranın üzvləri, RİHBA-nın məsul əməkdaşları, icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisələrin rəhbərləri, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər. Sonra yığıncaq iştirakçıları foyedə düzülmüş stendlərdən Şuşa rayonu üzrə 2019-cu ilin yekunlarını əks etdirən statistik göstəricilərlə tanış oldular.
Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Fevral ayının 11-də Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərinin, 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin və 26-da Xocalı faciəsinin erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hesabat məruzəsində 13 yanvar tarixli müşavirədə və fevral ayının 3-də “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinə həsr olunan konfransda Dövlət Başçısının verdiyi tapşırıq və tövsiyələr barədə geniş məlumat verib, əldə olunmuş uğurlar, nöqsanlar və qarşıda duran vəzifələri geniş təhlil etdi. B.Səfərov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə nail olmuşdur. Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb. Məqsədyönlü və ardıcıl xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.
B.Səfərov öz məruzəsində Şuşa rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işi daim diqqət mərkəzində olmuş, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir.
B.Səfərov öz çıxışında vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələlərinin diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi, əlamətdar günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirilib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar.
Hesabat məruzəsi ətrafında rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, DSMF-nin Şuşa rayon şöbəsinin müdiri Sarı Bərxudarov, rayon İcra Hakimiyyəti başçısının Səfixanlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Amil Əliyev çıxış edərək, 2019-cu ildə aidiyyəti sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Yığıncaqda çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamlarını bildirdilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci sektorunun müdiri Ağa-Əli Əhmədov yığıncaqda çıxış edərək, 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2020-ci ildə şuşalılara böyük uğurlar arzuladı.
Yığıncağın sonunda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar layihəsini və yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti Şuşa RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri İlahə Ələkbərli və Ülviyyə Bağırova təqdim etdi.
Rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edənlər fəxri fərmanla təltif olundu.