“Beynəlxalq Ahıllar Günü”
BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq 1993-cü ildən hər il oktyabr ayının 1-i Azərbaycanda da “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmçinin, 1999-cu il “Beynəlxalq Ahıllar ili” elan olunmuşdur.
Qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli və müdrik adamlar hesab olunub, onlara hamı hörmətlə yanaşıb. Bu qəbildən olan insanlara Respublikamızda daim diqqət yetirilmişdir. Belə ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qəbul olunan qanunlar, dövlət proqramları ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etmişdir.
1 Oktyabr 2014 –cü il tarixdə Beynəlxalq Ahıllar günü Şuşa rayon Ahılları ilə ənənəvi olaraq geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti və Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə təşkil etdiyi tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”- nın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri və 100 dən çox ahıl iştirak etmişdir.
Tədbirdə çıxış edən cənab Bayram Səfərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. O, əhalinin bu təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, ahıl vətəndaşlara qayğının hər kəsin mənəvi borcu olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən ahıllar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər
Daha sonra rayonun musiqiçiləri bayram konserti ilə çıxış etmişlər.