“Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda videokonfrans keçirilib.
Videokonfransı giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu. Nəticədə, 24000 əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Hazırda Şuşa rayonunun 34 min 300 nəfər əhalisi Azərbaycanın 58 rayonunda müvəqqəti məskunlaşıb.
Videokonfransda çıxış edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyev qaçqınların məişət şəraitinin yaxşılaşdırılmasını prioritet istiqamətlərindən biri kimi elan edib. O, bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün qəbul olunan qərarların, imzalanan fərman və sərəncamların icrası ilə bağlı görülən işlər barədə geniş məlumat verib və bu işlərin davamlı olacağını vurğulayıb. Bununla yanaşı, komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Ali Baş komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində biz mütləq Şuşaya qayıdacağıq.
Sonra çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti haqqında danışıb. Qeyd edib ki, biz ümidimizi itirmirik və inanırıq ki, hökmən Şuşaya geri dönəcəyik, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Türkiyədən videokonfransa qatılan Azərbaycan-Türkiyə Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, siyasi tarix və beynəlxalq münasibətlər üzrə doktor, professor Aygün Attar, İsraildən Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasının sədr müavini, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Vüsalə Fətəliyeva videokonfransda münaqişənin tarixi haqqında geniş çıxış edərək bildiriblər ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan yaşayış məntəqələrini işğal etdilər. Bununla yanaşı, qeyd olunub ki, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilib.
Qeyd edilib ki, XX əsrin sonunda ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.
Vurğulanıb ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir.
Eləcə də, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilib və 2009-cu ilin fevralından bu kampaniyaya start verilib.
Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı mühüm işlərin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bundan əlavə, videokonfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev, Şuşa Rayon Mərkəzi Xəstəxanasının müdiri Ramiq Məhərrəmov, Şuşa Rayon Təhsil idarəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov da Şuşa ilə bağlı fikirlərini bölüşüblər.
Videokonfrans iştirakçıları əminliklə qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin dinamik inkişafını, sabitliyi təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək.