Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müzakirə olunub.
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müzakirə olunub.
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyində akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” (rus dilində) kitabının müzakirəsi olub.
Oktyabrın 10-da keçirilən təqdimatda danışan icma rəhbəri Bayram Səfərov qeyd edib ki, kitabda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır: “Ramiz Mehdiyevin əsərində çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edilərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması sübuta yetirilir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşmələr aparılmaqla yanaşı Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir”.
Alim, Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədov çıxışında qeyd edib ki, Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında tarixi sənədlər əsasında münaqişənin qədim dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr öz əksini tapıb: “Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır. Əsərdə qədim və orta əsrlər dövrünə aid çoxsaylı mənbələr, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir.
Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüblər.
Akademik ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini açıqlayır.
Akademik faktlarla sübut edir ki, əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışırdı.
Əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya çıxarılır, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edir”.
Müzakirələrdə Milli Məclisin deputatları Elman Məmmədov, Rövşən Rzayev, Flora Qasımova, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da çıxış ediblər.