Şriftin ölçüsü :

Saytın rəngi :

1918-ci il mayın 29-da tarixi Azərbaycan torpaqlarında Ermənistan respublikası yaradılıb.

29 may 2020 | 16:00

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası quruldu. Qeyd etmək vacibdir ki, Ermənistanda azərbaycanlıların tarixən yaşadıqları ərazi respublikanın ümumi ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv.km. təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv.km.) təqribən 3 min kv.km. artıqdır. Nəticədə, mərhələlərlə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələri yer üzündən silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetik respublika yaradılmışdır.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “1918-ci il mayın 29-da tarixi Azərbaycan torpaqlarında Ermənistan respublikası yaradıldı” sərlövhəli məqaləsini təqdim edir.

Mənbələr təsdiq edir ki, ermənilər Cənubi Qafqaza mərhələlərlə məqsədyönlü şəkildə köçürülmüşlər. Qeyd etmək lazımdır ki, hələ XVIII əsrin birinci rübündə ermənilər çar Rusiyasının onlara arxa duracaqlarına ümid bəsləyərək çarizmin Qafqazın işğalına köməklik göstərmək, öz məkrli siyasətlərini həyata keçirmək niyyətində idilər. Çar Rusiyası onunla əlaqə saxlayan ermənilərdən öz gələcək işğalçılıq planlarının həyata keçirilməsi üçün bir vasitə kimi istifadə edirdi.

XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı. Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı. Bununla yanaşı, Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən, eləcə də mühüm sənəd hesab edilən çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Kürəkçay müqaviləsindən sonra yəni, 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdır.

Bu dövrdə ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri məhz mühüm strateji əhəmiyyət kəsb edən Qarabağ ərazisi olmuş, bu bölgəyə çarizm tərəfindən xüsusi diqqət yetirilmişdir. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.

Bu faktları rus tədqiqatçısı N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

Azərbaycanın bölüşdürülməsi haqqında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin şahidi, ermənilərin İrandan Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsinin iştirakçısı, o vaxt Rusiyanın İrandakı səfiri olan rus yazıçısı A.Qriboyedov yazır ki, köçürülmüş ermənilərin əksəriyyəti müsəlman (azərbaycanlılar nəzərdə tutulur – E.Ə.) mülkədarlarının torpaqlarında yerləşdirilmişdir. Daha sonra müəllif yazır: “...Biz müsəlmanları düşdükləri bu çətin vəziyyətlə razılaşdırmalı, ermənilərin burada müvəqqəti qalacaqlarına inandırmalıyıq ki, onlar ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara həmişəlik yiyələnmək fikrindən daşınsınlar”. Bundan əlavə, 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanıldı. Bu köçürülmə prosesinin davamı olaraq 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 85 min erməni köçürülmüşdür.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək - 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil və onlar buraya bizim tərəfimizdən köçürülmüşlər”.

Qeyd etmək lazımdır ki, ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri – Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar.

Rus tədqiqatçısı V.L.Veliçko yazır: “XX əsrin əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi”.

Bununla yanaşı, ermənilərin köçürülməsi hesabına İrəvan quberniyasında da demoqrafik vəziyyət dəyişdi. Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2%-i). 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra - yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmişdi.

Erməni tədqiqatçısı Zaven Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşlar. 1920-ci ilədək İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuş, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%) azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olmuşdur.

Beləliklə, ermənilərin köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmiş, nəticədə onların Cənubi Qafqazda süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin baş qaldırmasına səbəb olmuşdur.

Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Eyni zamanda, 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211 yaşayış məntəqəsi (İrəvan qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84) yandırılmış, dağıdılmış və talan edilmişdir. İrəvan quberniyasında 132 min, Zəngəzur qəzasında 10 mindən çox, azərbaycanlı qətlə yetirilmişdir. İrəvan quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi.

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.

Sovet dövründə - 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Nəticədə, Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməkliyi sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə repatriasiya adı ilə Ermənistan SSR-dən planlı şəkildə deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər.

Bununla yanaşı, XX əsrin sonunda, 1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 350 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq tarixən yaşadıqları torpaqlardan didərgin düşdü.

Yalnız, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif yüksək səviyyəli tədbirlərdə bildirmişdir ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq, bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu, vurğulayaraq bildirdi ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlət başçısı qeyd etdi ki, bu, əslində, onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil.

Bununla yanaşı, dövlət başçısı bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətlərin ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirib ki, XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: “Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm”.

Bu baxımdan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda fəal olmağımızı, hücum diplomatiyası aparmağımızı bildirərək qeyd edib ki, haqq-ədalət bizim tərəfimizdədir, Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi, çünki onların bütün tarixi saxtakarlıqdır, eləcə də onlar tarixi Azərbaycan torpağında dövlət qurublar və indi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Keçidlər