Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir
Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir
Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrətidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılmışdır.
Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində dalğalanır. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olunmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.
Gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında dövlət atributlarının böyük rolu var. 9 noyabr - “Bayraq günü” münasibətilə Şuşa rayonun ümumtəhsil məktəblərində tədbirlər, ədəbi - bədii gecələr, idman yarışları keçirilmişdir.
Tədbirlərdə müəllimlər tərəfindən bayraq və onun tarixi, rənglərinin ifadə etdiyi mənaları haqqında məktəblilərə geniş məlumatlar verilmiş, təqdimatlar göstərilmiş, şagirdlərin ifasında şeirlər, mahnılar səslənmişdir.
01 noyabr 2014-cü il tarixdə “Bayraq günü” münasibətilə Şuşa rayon Təhsil Şöbəsi və UGİM-in təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbin futbol meydançasında rayonun ümumtəhsil məktəblərinin futbol komandaları arasında yarış keçirilmişdir. Yarışda Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin futbol komandası I, 6 nömrəli məktəbin komandası isə II yerə çıxmışdır.
Noyabr ayının 9-da rayonun fəal yeniyetmə və gəncləri Bayraq Meydanında təşkil olunan bayram tədbirinə qatılmışdır.
Noyabr ayının 18-dən 24 -dək qrafikə uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin Bayraq Meydanına ekskursiyası nəzərdə tutulmuşdur.