Bir çox ailəyə həyat bəxş edən qadın!
Qlobal bəlaya çevrilən koronavirusla mübarizədə səhiyyə işçilərinin rolu danılmazdır. Azərbaycan həkimləri də bu çətin dönəmdə öz fədakarlıqlarını nümayiş etdirirlər. Həkimlik böyük fədakarlıq göstərən bir peşədir. Koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda istər karantində, istərsə də sıradan xəstəxanalarda gecə-gündüz canını ortaya qoyan həkimlərə qəhrəman deyə bilərik. İndiki vəziyyətdə biz bütün tibb işçilərinə çox borcluyuq. Yaxşı həkimlərimizin dəyəri bir daha anlaşılır. Koronavirus pandemiyası ilə mübarizə dövrü isə həkimlərimizin nə qədər fədakar və peşəkar olduqlarını bir daha sübut etdi.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan həkimlərindən də fəaliyyəti dövründə bu virusa yoluxanlar olub.
Şuşalılar bu günlərdə çox kədərlidirlər. Ona görə ki, rayonun sayılıb-seçilən, 50 ilə yaxın iş stajı olan, ginekoloq-həkim Ofelya Həsənova dünyasını dəyişib. Ofelya xanım Səhiyyə Nazirliyinin, Tibb İşçiləri Həmkarlar Təşkilatının Respublika Komitəsinin, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı İcması ictimai birliyi və Şuşa rayon İcra Hakimiyyəti Başçısınn Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. SSRİ Səhiyyə Əlaçısı idi. Ofelya həkim şuşalı ailələrə sağlam övlad bəxş edən, öz nuru və ziyası ilə hamının sevimlisinə çevrilən bir xanım idi. Peşəkarlığı , həkim sənətinə olan məsuliyyəti, gecəli-gündüzlü ana olacaq qadınlarımıza xidməti ilə özünə böyük hörmət qazanmışdır. Həkim sənətinin çətinliklərinə baxmayraq Şuşanın kəndlərinə belə , vaxtında özünü çatdıraraq bir çox ailələrə sevinc vermək üçün əlindən gələni əsirgəməmişdir.
İşlədiyi müddətdə heç bir uşaq və ana ölümünə rast gəlinməmişdir. USM aparatının istifadə olunmadığı, müəyyən tibbi texnikaların formalaşmadığı bir dövürdə Ofelya həkimin təyin etdiyi diaqnozları və doğuş prosesləri böyük uğurla keçmişdir. Hər bir qadının sevimlisi olan Ofelya həkim Şuşa ailələrinin xeyir və şərində ,dünyaya gətirdiyi övladların toy mərasimlərində iştirak edərdi. Onun qayğılı, zəhmətsevər, işgüzar həyat yolu hər bir həkimə nümunədir.
Ofelya Həsənova ilk növbədə gözəl ana idi. Onun böyütdüyü övladlar hər zaman öz tərbiyələri və nümunəvi ədəbləri ilə seçilirdilər. Ailəcanlı, insansevər, sədaqətli dost olan sevimli Ofelya Həsənovanın xatirəsi şuşalılar üçün həmişə əziz olacaqdır.
Ofelya həkim nur içində yatın! Siz cənnət dünyasını sağlığınızda öz əmələrinizlə qazandınız.Allah ruhunuzu həmişə şad etsin! Sizə dərin ehtiramla Şuşa rayonunun Qadınları adından Allahdan rəhmət diləyirik!
Şuşa Rayon İcra Hakimiyyətinin ictimai – siyasi
və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi: İlahə Ələkbərli