Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir.
Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu diqqətə çatdıraraq dedi ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. Eləcə də on beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Bununla yanaşı, ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş, onu maliyyələşdirmişdir. Bu, mühüm enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib: “Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsində olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev 2018-ci ildə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflandığını bildirərək qeyd etdi ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi öz əksini tapmışdır.
Bu baxımdan, Ermənistan və Azərbaycan arasında olan münaqişənin də eyni prinsiplər əsasında həll edilməli olduğunu bildirən Prezident İlham Əliyev Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi videokonfransda diqqətə çatdırdı ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan baş naziri yenə həqiqətə uyğun olmayaraq guya Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi haqqında qərar verdiyini uyduraraq, əvvəllər olduğu kimi, münaqişənin həlli üçün yenə də əsassız Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları ifadəsini səsləndirdi. Amma Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, “Dağlıq Qarabağ xalqı” adlı anlayış yoxdur. Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.
Prezident İlham Əliyev beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqəti vurğulayaraq qeyd etdi ki, “Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.
Beləliklə, Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş nazirini faktlarla növbəti dəfə ifşa etdi. Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmiş, törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunmuşdur. Qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilmiş, mənzil və işlə təmin olunmuşdur. Son vaxtlaradək Ermənistanda sərnişindaşıma şirkətlərindən birinin sahibi olan terrorçu V.Karapetyan Dilicanda yaşamışdır. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən beynəlxalq terrorçunun Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.
Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir, ermənicə çıxışında isə “Artsax” sözünü işlədərək özünü növbəti dəfə ifşa etdi. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” də bir daha göstərdi.
Bununla yanaşı, Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərmiş və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir.
Ermənistan baş naziri çıxışında Münxen Təhlükəsizlik Konfransında olduğu kimi, növbəti dəfə daha bir yalan uydurdu. Yəni, o, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir, bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməmiş və məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməmişdir. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittihamı edən baş nazir növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanın baş naziri beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə çətin vəziyyətə düşdü və həmçinin özünü gülünc vəziyyətə saldı.
Azərbaycan Prezidentinin son vaxtlarda səsləndirdiyi fikirləri bir daha xatırlamaq lazımdır: “Ermənistanda faşistlərə abidələr ucaldılır, bugünkü Ermənistan rəhbərliyi faşistlərə xidmət etmiş adamı qəhrəman kimi təqdim edir: “Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.
Ümumilikdə, Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavab verdi, bir sözlə, Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən bir daha əsl dərs keçdi. Bu dərslərdən nəticə çıxarılmayanda isə 2016-cı ilin aprelindəki kimi hərbi dərs qüvvədə qalır.