“Əsgərə salam”
“Əsgərə salam” aksiyası çərçivəsində 2020 –ci il yanvar ayının 17-dən cəmiyyətin müxtəlif təbəqələri Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirmişdir. Şuşa Rayonunun idarə, müəssisə və təşkilatları o cümlədən ümumtəhsil müəssisələri bu aksiyaya böyük ruh yüksəkliyi ilə qoşulmuşlar. Aksiyaya qoşulmaq istəyənlər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşmışlar.
Aksiya başlandıqdan indiyədək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bildirən vətənpərvərlərin sayı yüzlərlədir. Soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir. Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya onlarda böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir. Hamını “Əsgər salam” aksiyasına qoşulmağa çağırırıq!