Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi
Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevirildi. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Hazırda Azərbaycan iki beynəlxalq təşkilata rəhbərlik edir. Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, digəri isə Qoşulmama Hərəkatıdır.
Koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi. Videokonfarns vasitəsilə keçirilən bu görüşə Ümumdünya Səhiyyə Təşkilatının sədri də qatıldı. Konfransda COVİD-19 qarşı mübarizə məsələləri müzakirə edildi və birgə tədbirlərin eyni zamanda qarşılıqlı yardımlaşmanın vacibliyi vurğulandı.
Bundan sonra yenə Azərbaycan Prezidentinin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Bu səviyyədə iştirakçılıq bir tərəfdən problemin aktuallığı ilə bağlı idisə digər tərəfdən Azərbaycan Prezidentinin nüfuzu və beynəlxalq təşkilatın sədri kimi şəxsi təçəbbüskarlığı ilə əlaqədar idi.
Azərbaycan şəxsi nümunə göstərərək bu günə qədər dünyanın 30-a qədər ölkəsinə yardımlar edib. Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi və ÜST-ün tövsiyyələri ölkəmizdə koronovirusa qarşı tədbirlər almaqda xeyli dərəcədə təsirli vasitəyə çevrilib.
130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun gösəricisidir.