Azərbaycan Prezidentinin hərbi hissələrdə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil olunması ilə bağlı tapşırığı böyük önəm kəsb edir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsinin açılışında iştirakı zamanı deyib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.
Bununla yanaşı, dövlət başçısı hazırda Azərbaycanın dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu bildirərək vurğulayıb ki, biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, bu gün dünyada, beynəlxalq müstəvidə güc amilinin ön plana çıxdığını görürük. Prezident İlham Əliyev beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu, onlara əməl edilmədiyini təəssüflə qeyd edərək bildirib ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq, çünki biz real vəziyyətlə hesablaşmalıyıq.
Bu baxımdan, Ali Baş Komandan bildirib ki, beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir: “Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 15 il əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycanda heç vaxt hərbi sənaye yox idi. Əgər bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb, onlarla ölkəyə hərbi məhsul ixrac edirik: “Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə.
Ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir”.
Bu baxımdan, Azərbaycan Prezident qeyd edib ki, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir, ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır, çünki biz real tariximizi bilməmişik.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər, sovet vaxtında tarix dərslərinin çoxu saxta idi və Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Eyni zamanda, Prezident İlham Əliyev bildirdi ki, quldur 26 Bakı komissarı dəstəsi və o dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu, onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu: “Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb”.
Ali Baş Komandan İlham Əliyev bir daha qeyd edib ki, gənclərimiz bu tarixi, qədim tariximizi bilməklə yanaşı, eləcə də bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb: “bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı, bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir”.
Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatlarını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu böyük ərazini işğalçılardan azad etdi və o torpaqlarda bayrağımız dalğalanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq, eləcə də Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Bu səbəbdən, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, hər an ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaq üçün döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır: “Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır”.
Bununla yanaşı, işğal edilmiş torpaqlarda bu gün ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparıldığını beynəlxalq tədbirlər çərçivəsində diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində, eləcə də bütün beynəlxalq təşkilatlarda, bu məsələni qaldırırıq və qaldıracağıq: “Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar”. Dövlət başçısı vurğuladı ki, Azərbaycan buna imkan verməyəcək, bunu hər kəs bilsin, münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq.
Eyni zamanda, Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər, xüsusilə Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Qeyd olunub ki, ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür və heç kimin bu haqda şübhəsi olmasın. Dövlət başçısı bir daha qeyd etdi ki, Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, Azərbaycan torpağında yaradılmasına baxmayaraq onların erməni dövləti var və Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik: “Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik”.
Artıq dərin böhran içində olmaqla yanaşı, həmçinin Ermənistanın müstəqillik tarixinin prinsipcə rüsvayçılıq tarixi olduğunu bildirən Prezident İlham Əliyev 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslərin cinayətkar kimi bir çoxunun həbs edildiyini vurğulayıb: “Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq: “İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara - özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər sahədə, beynəlxalq müstəvidə güclənir, güclənməlidir - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq.
Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil xarici siyasət yürüdən Azərbaycanla təcavüzkar, eləcə də faşist ideologiyası yürüdən, terrorizmi dövlət səviyyəsində dəstəkləyin Ermənistanı heç bir sahədə müqayisə etmək olmaz. Qeyd etmək lazımdır ki, son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.