Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xarici siyasətində ərazi bütövlüyünün bərpası və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas prioritetdir.

03 iyul 2020 | 16:00

Azərbaycan bütün dünya tərəfindən tanınan

öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Azərbaycanın ərazi bütövlüyü istənilən digər

ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın xarici siyasətində ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas prioritet istiqamətdir” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Azərbaycanın hazırda dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu bildirərək vurğulayıb ki, biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, bu gün dünyada, beynəlxalq müstəvidə güc amilinin ön plana çıxdığını görürük. Prezident İlham Əliyev beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu, onlara əməl edilmədiyini, təəssüflə qeyd edərək bildirdi ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq, çünki biz real vəziyyətlə hesablaşmalıyıq.

Eyni zamanda, Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər, o cümlədən Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edən dünya liderlərinin bir çoxu bu məsələyə aydınlıq gətiriblər. Qeyd olunub ki, ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür və heç kimin bu haqda şübhəsi olmasın. Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, Azərbaycan torpağında yaradılmasına baxmayaraq onların erməni dövləti var və Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik: “Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik”.

Bununla yanaşı, işğal edilmiş torpaqlarda bu gün ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparıldığını beynəlxalq tədbirlər çərçivəsində diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində, eləcə də bütün beynəlxalq təşkilatlarda, bu məsələni qaldırırıq və qaldıracağıq: “...Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar”. Dövlət başçısı vurğuladı ki, Azərbaycan buna imkan verməyəcək, bunu hər kəs bilsin, münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq.

Qeyd etmək vacibdir ki, bütün dünyanın gözü qarşısında baş verən dəhşətli Xocalı soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ümummilli Liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etmişdir ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri zamanı Ermənistanın əsassız ərazi iddialarını və ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədyönlü şəkildə köçürüldüyünü bir daha diqqətə çatdırdı: “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”.

Dövlət başçısı İlham Əliyev bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətlərin ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirib: “...Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm”.

Bir neçə il əvvəl, 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Dövlət başçısı qeyd edib ki, ermənilər Azərbaycan tarixini təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar: “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlərboyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub”.

Hazırda ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, eləcə də Qarabağ haqqında əsl həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir.

Azərbaycanın dünya birliyində təbliğ edilməsi, xüsusilə Qarabağ həqiqətlərinin tam təfərrüatı ilə dünya birliyinə obyektiv şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolu çox yüksək qiymətləndirilir. Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son illərdə beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, "Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə qanlı soyqırımın 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, tutarlı sübutlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır. Mehriban xanım Əliyevanın “Ön söz”ü ilə işıq üzü görmüş “Müharibə və tarixi-mədəniyyət abidələrimiz” kitabında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.

Eyni zamanda, 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Həmçinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmış, silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilmiş, 2012-ci ilin fevralında Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.

Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və soyqırımı həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Gənclər Forumu çərçivəsində uğurla davam edir.

2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş və dünyanın müxtəlif ölkələrində yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə ICESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir. Bu tanınma 2009-cu ildən həyata keçirilən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin nəticəsi olmuşdur. Nəzərə alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanımış, üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır.

Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul etmişdir. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı olaraq mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuş və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsini ziyarət etmişlər. Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayında ermənilər tərəfindən vandalizmə məruz qalmış Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir. Bu yaxınlarda Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin yenidən açılışı olmuşdur.

Dövlət başçısı İlham Əliyev Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti bir daha cəlb edərək 2016-cı il iyunun 3-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır və Ermənistandan başqa heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məlumdur ki, Ermənistanın diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb və onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər, eləcə də orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.

Prezident İlham Əliyev bildirib ki, bu istiqamətdə işimizi daha da təkmilləşdirməli, ilk növbədə, xarici media ilə iş aparılmalı, çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi müxtəlif media orqanlarında təmsil olunsunlar: “Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur”. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”. Eyni zamanda, Prezident bildirib ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır.

Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulub, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, Komitənin son 2 ildə təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməsi istiqamətində Azərbaycan dövlətinin apardığı böyük işlərə mühüm töhfədir.

Müasir dövrdə milli ideologiya kimi azərbaycançılığın əsas şərtləri bunlardır: tarixi əsaslandırma, maarifçilik, təşkilatlandırma və istiqamətləndirmə. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd aid olduğu ölkənin maraqlarını beynəlxalq münasibətlər sistemində təbliğ etmək, ictimai, siyasi və mədəni sferada geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır.

Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspor təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 11 Koordinasiya Şurası yaradılıb ki, bunlar da ümumilikdə 29 ölkəni əhatə edir. ABŞ və Türkiyədə Şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir. Həmçinin dünya azərbaycanlılarını birliyə çağıran, xüsusilə İrəvandan, Borçalıdan, Cənubi Azərbaycandan dünyaya səpələnən azərbaycanlılar üçün “Vətən uzaqda deyil” birlik konsepsiyası, həmçinin ilk dəfə olaraq yaradılmış və açıq istifadəyə təqdim edilən infoqrafik diaspor xəritəsi olduqca əhəmiyyətlidir. Hazırda xəritədə 48 ölkədən 538 təşkilat haqqında informasiya yerləşdirilmişdir.

Qeyd etmək vacibdir ki, Dövlət Komitəsinin rəhbərliyinin mühüm əhəmiyyət verdiyi məsələlərdən biri də digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi, habelə lobbi quruculuğu məsələləridir. Son illərdə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunmuşdur. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə vahid platformadan çıxış etməsi hər iki dövlətin hər zaman bir-birinin yanında olmasının bariz nümunəsidir.

Xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlamışdır. Bununla yanaşı, Dövlət Komitəsi Azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması dövlətimizin bu istiqamətdə apardığı siyasətə mühüm töhfədir.

Bu baxımdan, ümumavropa Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birləşdirməsi mühüm addımlardır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə 2020-ci il fevralın 22-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş izdihamlı “Ümumavropa Qarabağ mitinqi” Almaniya paytaxtının ən mərkəzi nöqtəsində - Brandenburq qapıları qarşısındakı meydanda Avropa azərbaycanlılarının bu taleyüklü məsələ ətrafında səfərbər etdi. Dünyanın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən, ABŞ və Kanadada yaşayan həmvətənlərimizin də qatıldığı mühüm əhəmiyyət kəsb edən mitinqdə AFR, Niderland, Belçika, Lüksemburq, Macarıstan, Polşa, Çexiya, Slovakiya, İspaniya, İtaliya, İsveç, Norveç, Finlandiya, Latviya, Litva, Estoniya, Avstriya, İsveçrə, Fransa, Rumıniya, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan və Türkiyədə yaşayan həmvətənlərimiz “Qarabağ Azərbaycanındır!”, “Terrora və işğala yox deyirik!”, “Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, “Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, “İşğala dayan deyirik!”, “Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlarla Ermənistanın işğalçılıq siyasətini Avropa ictimaiyyətinin diqqətinə bir daha çatdırdılar.

Hazırda Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, eləcə də Qarabağ haqqında həqiqətlərin daha dolğun, real faktlara və mənbələrə əsaslanaraq obyektiv şəkildə istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Bu baxımdan, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinin, erməni təbliğatının ifşası üçün əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan ziyalıları, diplomatları və ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, faşizmi qəhrəmanlaşdıran və terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq. Məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə, onun ağır nəticələrinin aradan qaldırılmasına və ölkəmizin ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaqdır.

Keçidlər