Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

15 iyul 2020 | 16:00

Ordu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmlidir. Azərbaycanın qarşısında duran ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasıdır.

Yaşadığımız regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün faktiki olaraq danışıqlar prosesi getmir, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının da heç bir əhəmiyyəti yoxdur.

Dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan gərginlik davam edir. Mövqelərimizi ələ keçirmək məqsədilə erməni hərbi birləşmələri hücuma keçməyə cəhd göstərib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Ciddi itkilər verən düşmən geri oturdulub. Azərbaycan Ordusunun Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi yayılmış videolardan da görünür.

Artilleriya atəşi ilə qəflətən hücum həyata keçirən düşmənlə döyüşdə həlak olan hərbçilərimizin qisası isə layiqincə alınıb. Bununla bağlı Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan etdi: "Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Hazırda əməliyyat şəraiti erməni hərbi birləşmələrinə qarşı ciddi cəza tədbirləri həyata keçirən qoşunlarımızın nəzarəti altındadır. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil.

Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır. İnanırıq ki, tezliklə Azərbaycan Ordusunun möhtəşəm Qələbə paradı Qarabağımızda, Şuşamızda keçiriləcək və xalqımız Böyük Zəfər bayramını qeyd edəcək!

Yeni Azərbaycan Partiyası Şuşa Rayon

Təşkilatının üzvü: Natiq Mahmudov.

Keçidlər