Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin Dağlıq Qarabağa qayğısı və əvəzsiz xidmətləri heç zaman unudulmur.

15 iyul 2020 | 16:00

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. Çünki vaxtilə sovetlər ittifaqının tərkibində olan Azərbaycan Ümummilli Liderin uzaqgörənliyi, siyasi müdrikliyi və qətiyyəti sayəsində inkişaf edib. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrilib. Bu gün dövlətimizin İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların təməlində Ulu Öndərin əbədiyaşar ideyaları durur.

Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və əvəzolunmaz xidmətləri 51 il öncə - 1969-cu ilin iyul ayından başlayır. Məhz Ulu Öndərin respublikamıza rəhbərliyə başlamasından sonra Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu, ölkə iqtisadiyyatındakı gerilik və durğunluq aradan qaldırıldı, əhalinin sosial rifahı yüksəldi. Respubilkamızın hər yerində genişmiqyaslı quruculuq işlərinə start verildi. Tezliklə iqtisadiyyatda, sənayedə və kənd təsərrüfatında, mədəniyyət, təhsil sahəsində böyük uğurlar əldə edildi. Eyni zamanda Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə sosial-iqtisadi geriliyə son qoyulması ilə yanaşı, cəmiyyətdəki nöqsanların aradan qaldırılması, korrupsiyanın qarşısının alınması istiqamətində mühüm işlər görüldü ki, bu da cəmiyyətimizin bütün üzvləri tərəfindən təqdir olundu.

Təsadüfi deyil ki, məhz Heydər Əliyevin uğurlu rəhbərliyi nəticəsində sovet hakimiyyəti illərində öz daxili imkanlarına yaşamağa qadir olan respublikalardan biri Azərbaycan idi. Bütövlükdə, istər respublikamızın, istərsə də ittifaqın mərkəzi partiya və dövlət hakimiyyəti orqanlarının rəhbərliyində olarkən Heydər Əliyevin qayğısı nəticəsində ölkəmiz sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etmiş, ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Bu gün də Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın.

Heydər Əliyev sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərib. Xüsusilə həmin dövrdə Şuşa şəhərində genişmiqyaslı quruculuq işlərinin aparılması və şəhərin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. O illərdə Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşlərin birində Ümummilli Lider demişdi: "Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”.

Tezliklə Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın inkişafına dair qərarlar qəbul olundu. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni mehmanxana kompleksləri, çoxmərtəbəli yaşayış və ayrı-ayrı inzibati binalar inşa olundu. Məhz Heydər Əliyevin tarixi xidmətləri ilə Şuşa şəhəri ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ilin avqust ayında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi.

Şuşanın ümumittifaq səviyyəli kurort şəhərinə çevrilməsinin böyük əhəmiyyəti var idi. Çünki o vaxtlar sovet ittifaqının hər yerindən - vilayətlərindən, şəhərlərindən bura istirahətə gəlirdilər. Həmin insanlar Şuşada Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olurdular.

Heydər Əliyevin sayəsində şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Azərbaycanda tar, kamança, ud, nağara və s. musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki Şuşada yaradıldı.

1979-cu il yanvarın 12-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə "Ağdam-Xankəndi” dəmiryolu xətti istifadəyə verildi. Həmin gün Şuşaya gələn Heydər Əliyev bir sıra obyektlərin açılışında iştirak etdi.

Məhz Ulu Öndərin Dağlıq Qarabağa diqqət və qayğısının bariz nümunəsi kimi görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi tikildi və 1982-ci il yanvarın 14-də, olduqca soyuq və qarlı bir gündə Heydər Əliyevin iştirakı ilə açılışı oldu. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, Heydər Əliyev bu tədbirdə iştirak etdi və əhali kütləvi şəkildə Ulu Öndərlə görüşə gəldi.

Həmin il iyulun 29-da bir daha Şuşaya gəlməsi, özü ilə ailəsini, elm və ədəbiyyat xadimlərini də gətirməsi Ulu Öndərin Qarabağa və Şuşaya olan diqqətinin nümunəsi idi. İyul ayının 29-dan avqust ayının 3-nə kimi bir sıra tədbirlərə qatılan Ulu Öndər həmçinin Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi.

Üzeyir Hacıbəyovun və Bülbülün ev-muzeylərinin yaradılması da Heydər Əliyevin Şuşanın mədəni irsinin yaşadılmasına və təbliğinə göstərdiyi diqqətin təzahürü idi.

Sonrakı illərdə də Heydər Əliyev Qarabağdan və Şuşadan diqqət və qayğısını əsirgəmədi. 1982-1987-ci illərdə Moskvada ali vəzifədə işlədiyi dövrdə bu siyasətin davam etdirilməsi şuşalılar tərəfindən hər zaman yüksək qiymətləndirilir. Hər il Vaqif poeziya günlərinin, həmçinin mütəmadi olaraq "Xarı bülbül” musiqi festivalının keçirilməsi bunun bariz nümunələridir. Heydər Əliyevin təşəbbüsü ilə açılan Xankəndi Pedaqoji İnstitutu isə Qarabağın təhsil mühitinin inkişafını və yerli əhali olan azərbaycanlıların ali təhsil almaq imkanlarını artırdı.

Ümumiyyətlə, Ulu Öndərin Şuşanın inkişafına göstərdiyi diqqət və qayğını sovet dovründə, yəni XX əsrin 20-60-cı illərində heç bir respublika rəhbəri göstərməmişdi.

Onu da qeyd edək ki, Heydər Əliyevin rəhbərliyi dövründə erməni millətçiləri açıq çıxışlardan çəkinirdilər. Onlar bu müddətdə torpaq iddialarını heç vaxt dilə gətirməyə cəsarət etmədilər. Ulu Öndər erməni millətçilərinin Azərbaycana qarşı olan münasibətini yaxşı bilirdi və hər zaman onların əməllərinin qarşısını qətiyyətlə alırdı. Bütövlükdə, Heydər Əliyevin 70-ci illərdə həyata keçirdiyi tədbirlər əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda azərbaycanlı əhalinin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Qeyd etdiyimiz kimi, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başlaması cəmiyyət həyatının bütün sahələrində inkişafa səbəb oldu. Ulu Öndər təhsil məsələlərinə də xüsusi diqqət yetirirdi. Ona görə hər il iki min nəfərə qədər azərbaycanlı gənci müxtəlif ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinin ali təhsil məktəblərinə oxumağa göndərirdi. Ulu Öndər həmin uzaqgörən siyasəti azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi sahəsində də həyata keçirirdi. Təkcə 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da Heydər Əliyevin adı və vətənpərvər fəaliyyəti ilə bağlıdır. Sonralar SSRİ-nin ali rəhbərlərindən biri kimi fəaliyyət göstərəndə də Heydər Əliyev doğma xalqını unutmadı, Azərbaycanın inkişafı naminə hər cür fədakarlıq göstərdi.

Keçmiş SSRİ və onun hüdudlarından kənarda da böyük nüfuz sahibi olan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən az sonra, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Dağlıq Qarabağ və onun ətrafındakı yeddi Azərbaycan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

1993-cü ilin iyununda Azərbaycan dərin siyasi və iqtisadi böhran, xaos, anarxiya, parçalanma təhlükəsi içərisində olarkən Ümummilli Lider Heydər Əliyevin yenidən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş qarşıdurmasından xilas etdi. Ən əsası, məhz Heydər Əliyevin sayəsində müstəqilliyimizin yenidən itirilməsinin qarşısı alındı. Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək, özünün şah əsəri olan bugünkü Azərbaycan dövlətini yaratdı. Məhz Heydər Əliyevin sayəsində hüquqi dövlət quruculuğu həyata keçirildi, demokratik inkişafın əsası qoyuldu. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi. O dövrdə mütərəqqi iqtisadi və siyasi islahatların həyata keçirilməsi, yeni neft strategiyasının müəyyən olunması Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərinin nümunələridir. Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı.

Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edirdi. Məhz Ulu Öndərin sayəsində ölkəmizin üzləşdiyi informasiya blokadası yarıldı və dünya ictimaiyyəti əsl həqiqətlərdən xəbərdar oldu. Ötən əsrin 90-cı illərində bir sıra mötəbər təşkilatların zirvə görüşlərində Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində diplomatik nailiyyətlər əldə edildi. Torpaqlarımızın işğalı faktı beynəlxalq təşkilatların sənədlərində öz əksini tapdı.

Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanun, fərman və sərəncamlar imzalanmışdır.

Bu gün Azərbaycanın yüksəlişi Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, uzaqgörən siyasətin real nəticəsidir. Bu sırada qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlət başçısının diqqət mərkəzindədir. İndiyədək onların maddi rifahının yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb və bu proses indi də davam edir. Azərbaycan Prezidentinin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin köçkün əhalimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı səmərəli işlər nəticəsində minlərlə vətəndaşımızın problemi öz həllini tapıb. Onu da qeyd etmək vacibdir ki, məcburi köçkünlərin həyat şəraitinin ildən-ilə yaxşılaşdırılması Prezident İlham Əliyevin birbaşa nəzarətində saxladığı məsələdir və bu istiqamətdə davamlı tədbirlər görülür. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və diqqəti nəticəsində Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin son illərdə yeni salınmış qəsəbə və şəhərciklərə köçürülməsi doğma torpaqlarından didərgin düşən soydaşlarımızın problemlərinin daim diqqət mərkəzində saxlanıldığını göstərir.

Son aylar bütün dünya koronavirus pandemiyası ilə üz-üzə qalıb. Belə bir vaxtda Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən məqsədyönlü tədbirlər virusun ölkəmizdə ciddi fəsadlar verməsinin qarşısını aldı. Aydın məsələdir ki, belə bir qlobal problem həm də dövlətlərin həmrəyliyini tələb edir. Bu reallığı ilk gündən düzgün dəyərləndirən Prezident İlham Əliyev koronavirusla mübarizədə qlobal həmrəyliyin əldə olunmasına böyük töhfələr verir. Olduqca qürurvericidir ki, Prezident İlham Əliyevin bu istiqamətdəki təşəbbüsləri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Buna misal olaraq Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşünü göstərmək olar. Bu tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. 130-dan artıq dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət işğalçı Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl simasını gördü, eləcə də Azərbaycana qarşı düşmən münasibətinin şahidi oldu.

Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas və mühüm məsələlər ərazilərin işğalçılardan azad edilməsi və məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtmalarıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına, qaçqın-köçkünlərimizin yurd-yuvalarına qayıtmasına çalışan Prezident İlham Əliyev bu məqsədlərə mərhələ-mərhələ nail olur. 2016-cı ilin Aprel döyüşləri də, Cocuq Mərcanlıya qayıdış da bu mərhələlərin tərkib hissələridir. Dövlətimizin rəhbərinin bu istiqamətdə atdığı addımların, həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticəsini aydın görən məcburi köçkünlər hər zaman cənab Prezidentə öz təşəkkürünü bildirirlər.

Cocuq Mərcanlı Dağlıq Qarabağa böyük qayıdışın başlanğıcıdır. Daha böyük sevinclər və uğurlu əməliyyatlar isə hələ qabaqdadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Aprel döyüşləri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həlli uğrunda ölkəmizin apardığı mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biri kimi qalacaq. Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məlum sərəncamını tarixi əhəmiyyətli qərar sayan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir və hər kəs hesab edir ki, bu qərar uğurlarımızın başlanğıcıdır.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbçilərimizin mövqelərinə hücumunun qarşısının alınması bir daha göstərdi ki, Azərbaycan dövləti Ermənistanı ən sərt şəkildə cəzalandırmağa qadirdir. Aprel və Günnüt qələbələrindən sonra bu hadisə Azərbaycanın hərbi baxımdan Ermənistandan dəfələrlə üstün olduğunu növbəti dəfə göstərdi.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu, çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, düşmənə adekvat cavab verildi: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Ermənistanın törətdiyi bu əməl onun təcavüzkar siyasət yürütməsinin təsdiqidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsi olaraq, Ermənistanın işğalçılıq siyasəti elə hərb meydanında darmadağın ediləcək. Biz, öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlər Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarımıza qayıdacağımıza inanırıq. Gün gələcək, ərazilərimiz işğaldan azad ediləcək, Prezident İlham Əliyev Şuşaya, Xankəndiyə, Xocalıya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Qubadlıya, Cəbrayıla və Zəngilana qayıdışla bağlı sərəncamlar imzalayacaq və bizim hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma torpaqlarımızda əbədi dalğalanacaq!

Bayram Səfərov,

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı

 

Keçidlər