Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusu erməni təxribatına qətiyyətli cavab verib.

15 iyul 2020 | 16:00

XX əsrin sonları Azərbaycan xalqının xatirində acılı, kədərli xatirələrlə yadda qalıb. Torpaqlarımızda işğalçı Ermənistanın daşnak qüvvələrinin törətdiyi qətliamlar, soyqırım hadisələri, insanların doğma torpaqlarından didərgin düşməsi tariximizin ən acı səhifələrindəndir. Otuz ilə yaxındır ki, Dövlət və xalqımız düşmən qüvvələrinin və onların ağlagəlməyən iddiaları, xülyaları ilə mübarizə aparır.

1994-cü ilin may ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə atəşkəslə bağlı müqavilə imzalansa da düşmən qüvvələri davamlı olaraq sərhədlərimizə silahlı hücumlar edir, əsgər və zabitlərimizin, hətta sadə vətəndaşların ölümü ilə nəticələnən əməlləri ilə öz fitnələrindən əl çəkmirlər.

Prezident İlham Əliyev dəfələrlə təxribatçı dövlətin məkrli niyyətini üzə çıxarıb. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Ermənistanın ciddi narahatçılığına iki əsas səbəb var:

Birincisi, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Dünyanı əhatə edən dəhşətli pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsus olması və dünyanın 130 dövləti tərəfindən bəyənilərək qəbul etməsi, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, dünyanın böyük dövlətləri ilə beynəlxalq forumlarda iştirakı, əməkdaşlıq müqavilələrinin imzalanması və bu kimi digər müvəffəqiyyətlərimiz.

İkincisi, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi, ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının pozulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Ermənistan hakimiyyətini çox mürəkkəb duruma salıb və dərin böhrana səbəb olub.

Ermənistan xalqın həyat tərzinin və sağlamlığının təmin olunması məsələlərini arxa planda qoyaraq, yalnız terror, təxribat, qonşu torpaqlarına hücum etmək planlarını həyata keçirməklə Ermənistanın daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq və daxili ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək məqsədilə yenə məkrli niyyətindən əl çəkməyərək işğalçı olduğunu sübuta yetirir:

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks - tədbirlər nəticəsində işğalçı düşmənə qətiyyətli cavab verilib, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

Azərbaycanın Milli Ordusu ilbəil güclənir, vətənimizin qeyrətli, qüdrətli, şücaətli əsgər və zabitləri yurdumuzun sərhədlərini ləyaqətlə, şərəflə qoruyurlar. Bu son hadisələrdə hərbçilərimizin şəhid olması və yaralanması yenə də hər bir Azərbaycan vətəndaşını məyus etdi.

Torpaqlarımızın bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimiz əbədiyaşardılar ! Allahdan Onlara rəhmət diləyir, yaralılarımıza şəfalar diləyirik!

Məsələ Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb – sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilir, çünki Azərbaycan vətəndaşının vətənpərvərlik hissi ruhunda və canındadır. Lakin Arzuolunmayan xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.

Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Lakin Azərbaycan vətəndaşı qatil deyil, müharibə yox, sülh tərəfdarıdır. Haqlı olan tərəf bizik, dövlətimizin başçısının siyasi iradəsi, qətiyyəti düşməni hər zaman susdurub və bu hər zaman belə olacaq.

Yeni Azərbaycan Partiyası Şuşa Rayonu

Qadınlar Şurasının üzvü: Qılıncxanova Fatma

Keçidlər