Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.
Bu bir həqiqətdir ki, hər bir dövlətin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, sosial rifah halını yaxşılaşdırmaqdır. Bu gün reallığıdır ki, Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusi ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı altındadır. Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində rekord göstəricilərə nail olunması hədəflənib. Bu günlərdə bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.
Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ötən il reallaşdırılan sosial paketlər çərçivəsində həmin kateqoriyadan olan vətəndaşlar üçün sosial ödənişlərin də ciddi şəkildə artırılması təmin edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı proqramı da 100 faizə yaxın icra olunub.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı da ildən-ilə gücləndirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu sahədə rekord göstərici kimi, azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Onlardan artıq 430 mənzil təqdim edilib.
Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır, İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse – prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmişlər, tədbirdə müharibə əlillərinə 62 mənzil və 50 avtomobil təqdim olundu və Prezident İlham Əliyev bu proqramın tezliklə başa çatdırılmasına nail olunacağını bəyan etdi. Xalq bu istiqamətdə görülən işlərə görə hər zaman öz minnətdarlığını və dövlət başçısının yanında olduğunu bildirir.