İlham Əliyev: “Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara o cümlədən Şuşaya qayıtmalıdır.”
Son günlər Azərbaycan - Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr, işğalçı Ermənistanın növbəti təxribatı, döyüşlərdə ordumuzun mübarizəsi, igid qəhrəmanlarımızın itkisi, düşmənə verilən qisas cavabları, Ermənistan silahlı qüvvələrinə layiqli zərbələrlə bərabər sərhədlərimizin toxunulmazlığının və mülki əhalinin qorunmasının təmin edilməsi hər bir azərbaycanlı kimi şuşalılarda da böyük əminlik yaratdı və əhalimiz vətənimizin bütövlüyü, Şuşaya qayitmaq üçün Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirdilər. Ermənistan atəşkəsin arxasında gizlənərək Azərbaycana qarşı təcavüzkar siyasətini davam edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmir. Təhlükəsizlik aktlarına məhəl qoyulmaması, şəhərləri, Mingəçevir Su Anbarını darmadağın etmək hədələri ilə bağlı təhdidləri onların terrorist niyyətlərini, işğalçı ölkə olduqlarını həmişəki kimi yenədə ortaya qoydu. Ermənistan təxribatı qarşısında Ali Baş Komandan İlham Əliyev özünün siyasətçi müdrikliyi və uzaqgörənliyini, sərkərdə məharətini, qətiyyətini göstərdi və Paşinyana hərb, siyasət dərsi keçdi, onun hərbi əməliyyata başlamasına peşman etdi. Azərbaycan xalqının çox böyük hissəsi paytaxt Bakıda, regionlarda, hətta xarici ölkələrdə də dövlət başçısına, orduya dəstəyini, hərbi əməliyyatlarda iştirak etmək istəyini bildirdi. Vətənini, müstəqil dövlətini və torpağını qorumağa gənclər və yaşından aslı olmayaraq əlinə silah götürüb döyüşə getmək istəyənlər, ”Qarabağ azad edilməlidir” şüarına qoşulanlar millətimizin qeyrətli insanları kimi döyüş meydanına hər an getməyə hazır olduqlarını bildirdilər. Unutmamalıyıq ki, bu gün məkrli düşmənlə üz-üzəyik. Unutmayaq ki, hamımızın vətəni Azərbaycandır. Unutmayaq ki, dünyada nə baş verirsə informasiya əsridir, hamı bilir. Sosial şəbəkələrdə hər birimiz diqqətli olmalıyıq. Düşmənə mövzu verilən vaxt deyil. Mövqeyimiz, addımımız, hədəfimiz bir olmalıdır ki, yaşadığımız bu müharibə və mübarizədə qələbə çalaq. Erməni xəyanətkarlığı ilə üz-üzəyik. Xəyanətə hamımızın cavabı bir olmalıdır. Beynəlxalq arenada Azərbaycanın uğurlarını həzm edə bilməyən düşmənin hiylələri, yalanları, niyyətləri onların təcavüzkar siyasətlərinin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyişməyən mövqeyində fikri həmişə belə səslənir : “Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarımızın bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki,öz ərazi bütövlüyünü bərpa etsin”.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığın və orta əsr şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızn həyatında özünəməxsus rol oynamışdır. Tarixi varislik qarabağliların, əsl azərbaycanlıların həyatında dövlət müstəqilliyinin bərpasından sonra Ermənistan silahlı qüvvələrinin təcavüzkarlığı, həmin dövrdə rəhbər vəzifələrdə olanların səriştəsizliyi, müxtəlif cəbhələrin qarışıq qərarları, nizami ordunun olmamağı böyük fəlakətə gətirib çıxardı. Ermənilərin torpaq iddiası, onların hiyləgər başbilənlərinin və Ermənistan Silahlı Qüvvələrinin köməyi ilə həyata keçdi. Şuşanın müdafiəsi uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. 28 ildir ki, nə dövlətimiz nə millətimiz bu işğalla barışmır. Bu illər ərzində ermənilərin ədalətsizliyi beynəlxalq aləmdə tanıdılmağa başlanıldı, güclü ordu yarandı. Bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsində qətiyyəti, cəsarəti, hər bir vətəndaşda böyük əminlik hissi yaratmışdır. Ordumuzun qüdrəti sübut etdi ki, vətənimizin bir qarış torpağı da mənfur düşmənlərə verilməyəcək. Bütün məcburi köçkünlər və şuşalılar da verilən döyüş əmrinə hər an hazırdır. Qarabağ probleminin həlli həm də hamımızın birliyindən keçir. Birlikdə güclüyük, hər birimiz müfəssəl əsgərik. Azərbaycanın əbədi müstəqilliyi üçün, torpaqlarımızın azad edilməsi üçün, ərazi bütölüyümüzün qorunması üçün hər birimiz vətənpərvər olmalıyıq. Məkrli düşmənə qarşı birlikdə mübarizə aparmalıyıq.
Cənab Prezident!
Sizinlə və şanlı, qüdrətli ordumuzla fəxr edirik.
Tanrı Sizi və mərd, qəhrəman oğullarımızı qorusun!
YAP Şuşa Rayon Qadınlar təşkilatının sədri: Vüsalə Fətəliyeva