Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozan Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur.

28 iyul 2020 | 16:00

XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

O bildirib ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Adıçəkilən beynəlxalq sənədlərdə Ermənistanın iddia etdiyi xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bununla yanaşı, Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüququn normalarına görə, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Hələ Dağlıq Qarabağ işğal edilməmişdən əvvəl Ermənistan ilk cinayətkar əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirib. 1990-cı il yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kənd hazırda işğal altındadır, dinc əhali öz doğma yurdlarından məcburən köçkün düşmüşdür.

1990-cı il martın 24-də isə Ermənistanla sərhəd rayonu olan Qazax rayonunun Bağanis Ayrım kəndi erməni terrorçu dəstələrinin silahlı hücumuna məruz qalmış, ermənilər tərəfindən kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər edilmişdir. Erməni silahlı qruplarının bu genişmiqyaslı hücumu nəticəsində kənd işğal olunmuşdur. İşğal zamanı Bağanis Ayrım kəndində 100-dən çox ev talan edilmiş və yandırılmış, nəticədə 10 nəfər həlak olmuş, 15 nəfərdən çox insan yaralanmışdır. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən ermənilər tərəfindən bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Bununla da 600 nəfərdən çox əhalisi və Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəd, eləcə də Dağlıq Qarabağdan xeyli kənarda yerləşən Bağanis Ayrım kəndi ermənilərin işğalçılıq siyasəti nəticəsində zəbt olunmuşdur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasının 44-cü sessiyasında 1989-cu il noyabrın 20-də qəbul edilmiş BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı Ermənistan ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaların ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq keçən dövr ərzində, xüsusilə 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.

1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişdir. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan ordusu tərəfindən 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilmişdir.

1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. 1992-ci il fevralın 13-17-də isə erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdi. Daha sonra isə 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Ümumilikdə, Qaradağlı kəndində qətlə yetirilənlərdən 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olmuşdur.

1992-ci il aprel ayının 7-dən 8-ə keçən gecə Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə amansız işgəncələr vermişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun "Tunel" adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla birlikdə yandırılmışdır. Bu günahsız soyqırımı qurbanlarının az qala yarısı qadınlar və uşaqlar idi.

Qeyd etmək lazımdır ki, Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 217 soydaşımız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır.

Ümumilikdə, XX əsrin sonunda monoetnik Ermənistan yaratmağa nail olan ermənilər tərəfin-dən 217 azərbaycanlı qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlar-da donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi.

Ermənistanın mülki əhalini, xüsusilə qadınları və körpə uşaqları qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqında onu qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilmiş, 61 uşaq itkin düşmüş, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır.

Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir. Belə ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuş və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi həlak olmuşlar. 24 oktyabr 2017-ci ilə olan məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilmişdir ki, onların 278 nəfəri qadındır. Münaqişə nəticəsində 265 qadın itkin düşmüş, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Qeyd etmək vacibdir ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsindən 30 ildən çox, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin qəbul olunmasından 20 il keçir.

Ümumilikdə, 1988-1994-cü illərdə müxtəlif səpkili yaşayış məntəqələrində və mülki obyektlərdə, sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində, sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 1200 nəfər dinc sakinlər həlak olub, 1705 nəfər yaralanıb. Bu faktlar, soyqırımı və vandalizm aktları təsdiq edir ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bu baxımdan, iyulun 12-də qəsdən Azərbaycan-Ermənistan sərhədində baş verən mülki əhaliyə qarşı təcavüz aktı ictimai fikri işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini göstərir.

Son günlər, xüsusilə Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə təcavüzkar əməllər törədilir, çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir və birbaşa cinayət məsuliyyəti doğuran əməllərdir.

2020-ci il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində diqqətə çatdırdı ki, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar: “Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib, Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ilk növbədə, dünya erməniliyi, erməni lobbisi Azərbaycanı hədəf seçmişdir. Dövlət başçısı Dünya Azərbaycanlılarının IV Qurultayında bildirmişdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb, onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətdə də qeyd etmişdir ki, erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır: “Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən ilhamlandırılır və maliyyələşdirilir”.

Qeyd etmək lazımdır ki, dünyada müxtəlif ölkələrində azərbaycanlılara qarşı ermənilər tərəfindən baş verən təcavüz hərəkətlərinə insan hüquqlarından və demokratiyadan dərs keçənlər seyrçi mövqedən yanaşır. Şübhəsiz ki, bu proseslərdə erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələr, o cümlədən bəzi insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak edirlər.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Prezident İlham Əliyev bildirib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinə BMT Nizamnaməsini oxumağı xatırlatmaqla yanaşı, bildirib ki, Azərbaycan danışıqları imitasiya üçün aparası deyil: “...Danışıqları mahiyyət üzrə aparmaq istəyirik, indi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən...Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcək.

Keçidlər