Şriftin ölçüsü :

Saytın rəngi :

Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

30 iyul 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat dünyada heç də birmənalı qarşılanmayıb. Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın törətdiyi təxribatı pisləsə də, bəziləri yenə də köhnə vərdişindən əl çəkməyərək "neytrallıq”larını qorumağa çalışdı. Bu da təbii ki, törətdiyi təxribatların cavabsız qaldığını görən Ermənistanı daha azğınlaşdırır. Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə isə təbii ki, qardaş Türkiyə oldu. Xüsusilə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər siyasi-ictimai xadimlər Azərbaycan dəstəyini ifadə etdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı isə qardaş Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: "Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”. Türkiyə Prezidenti vurğulayıb ki, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir: "Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik və sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bunu da xüsusi qeyd etmək istəyirəm. Öz torpaqlarında siyasi, iqtisadi problemlərdən, koronavirus pandemiyasından qaynaqlanan sağlıq, infrastruktur və geniş yayılan problemlərini həll edə bilməyən bir ölkənin belə bir hücuma başlaması öncə öz xalqına hörmətsizlikdir”.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim."

Keçidlər