Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir.
Azərbaycan sosial dövlət kimi özünü bir daha təsdiq etməkdədir. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası isə əhalinin güzəranı gündən-günə yaxşılaşır. Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları həyata keçib. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olur.
Maddi imkanı olmayan insanlar, ailələr üçün sosial proqramlar həyata keçirilir. Azərbaycan yeganə ölkədir ki, burada əlillərə evlər verilir - əlillər üçün hər cür şərait yaradılır. Hətta elə əlillərimiz var ki, yataq xəstəsi olduğu üçün illərlə evlərində oturublar. Artıq onlarla pulsuz əlil arabaları paylanılıb. Əbəs yerə deyilmir ki, Azərbaycan bu gün dünyanın ən nüfuzlu ölkələrindən biridir.
Dövlətimizin başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarlar qəbul etdiyinin -imzaladığı müvafiq fərman və sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Bu tədbirlərin davamı olaraq dövlətimizin başçısının kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı imzaladığı Fərman ən çox gözlənilən qərarlardan biri oldu. Bu ilin əvvəlindən başlayaraq imzalanan fərman və sərəncamlara nəzər salsaq, Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının, Prezident İlham Əliyevin “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin bir daha təsdiqinin şahidi olarıq”.
Prezident İlham Əliyev ictimaiyyət qarşısında etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirilən müşavirələrdə səsləndirdiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial - rifah halının daha da yaxşılaşdırılması dayanır”, – fikri real həyatda atılan addımlarla üst-üstə düşür. Yəni, verilən vədlər əməli tədbirlərlə bir-birini tamamlayır. Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirilməsi nəticəsində istər daxili, istərsə də xarici arenada Azərbaycanın strateji uğurları durmadan artır. Son bir neçə ayda baş verən hadisələr isə Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer aldığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha göstərdi.
Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Daim hər bir azərbaycanlının yanında olan, onların dərdləri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, pensiyaların 70 faizdən çox, tələbə təqaüdlərinin artırılması, ardınca isə bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı qərarlar vətəndaşlar üçün növbəti böyük sevindirici addım oldu. Məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa olunub. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə və əlillərə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir. Şəhid ailələri ilə görüşdə Prezidentimiz deyib: “Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik”. Bu fikirlər ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verir.
Dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar bir daha göstərdi ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır.