Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın daim arxalandığı “güclü erməni lobbisi”nin ənənəvi terrordan başqa güvəndiyi heç nəyi yoxdur.

03 avqust 2020 | 16:00

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirdi. Aydın oldu ki, təcavüzkar Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur və Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasətindən əl çəkmir.

Dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları və icmalarının Ermənistanın işğalçılıq siyasətinə etiraz və dövlətimizə, Ordumuza dəstək məqsədilə keçirdiyi tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın xarici ölkələrdəki səfirlikləri və müxtəlif beynəlxalq təşkilatlardakı nümayəndəlikləri qarşısında keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Yəni Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində diaspor təşkilatları çox mühüm addımlar atır. Bu mütəşəkkillik onu göstərir ki, dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar həmrəydirlər və bu təcavüzkar siyasətin qarşısında birlik nümayiş etdirirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

O deyib: “Ancaq son 20 gün ərzində, xüsusilə iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə təcavüzkar əməllər törədilir, çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən vəhşiliklər özündə vandalizm və terror elementlərini ehtiva edir və birbaşa cinayət məsuliyyəti doğuran əməllərdir.

Bununla yanaşı, ermənilərin bu cür cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında lövbər salıblar, orada təmsil olunurlar, eləcə də yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan son günlərdə dünyanın bir sıra ölkələrində azərbaycanlılara qarşı təcavüz hərəkətləri heç də təsadüfi deyil. Erməni lobbisi 1971-ci ildə yaradılmış Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən idarə olunur. Onlar fəaliyyətində Azərbaycanı hədəf seçib və onlarda Azərbaycana qarşı fobiya var. Ümumiyyətlə, Ermənistan cəmiyyətində bu, açıq-aşkar görünür. Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Lakin, ermənilərin yürütdüyü təcavüzkar siyasət və iddialar heç nəyə əsaslanmır. Erməni lobbisi heç bilmir ki, Dağlıq Qarabağ xəritədə harada yerləşir. Bu baxımdan Azərbaycan dövlət başçısının yürütdüyü müstəqil siyasət, ölkəmizin xarici siyasətində milli maraqların üstün tutulması heç şübhəsiz ki, erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir.

Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının IV Qurultayında qeyd etdiyi kimi, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür”.

Professor bildirib ki, Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iyulun 24-də həmvətənlərimizə müraciətində də çoxsaylı qeyri-hökumət təşkilatlarının, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının azərbaycanlılara qarşı törədilmiş hadisələrdə səslərinin hələ də eşidilmədiyi bildirildi və bu cinayət əməllərinə ədalətli qiymət verməyə çağırış öz əksini tapdı. Müraciətdə erməni təbliğat-təşviqat şəbəkəsinin 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı apardığı diqqətə çatdırılır: “Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir”.

Son vaxtlar Azərbaycan diaspor təşkilatlarının xüsusi mütəşəkkil şəkildə fəallığı Ermənistanı və erməni lobbisini ciddi sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti qarşısında aciz qaldı, tarixi ədalətin təmin olunmasını, soyqırımına və təcavüzə məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların kobudcasına pozulmuş hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Baş vermiş hadisələr, azərbaycanlıların birgə fəallığı erməni lobbisinin vəhşi və terrorçu simasını bir daha ifşa etdi və bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.

Bu baxımdan, heç də təsadüfi deyil ki, bu hadisələrdən sonra siyasi, sosial-iqtisadi, demoqrafik böhranın içərisində çabalayan və iki stulda oturmaq taktikasını seçən (Ermənistanda 2 il əvvəl hakimiyyət çevrilişindən sonra ölkə KİV-lərində Rusiyaya qarşı açıq çağırışlar və Qərb yönümlü yazılar, eləcə də, Soros Fondunun idarələrini özlərinin iş otağına çevirmiş və oradan təlimat almış adamların hazırkı hakimiyyətdə təmsil olunması bunu təsdiq edir) heç bir idarəçilik təcrübəsi olmayan, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın baş nazirinin diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir. Çünki onlar Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycan Ordusunun layiqli cavabını alıb, xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diaspor təşkilatları və icmaları qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər. Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və ərazilərimizin azad edilməsi uğrunda döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu unutmuşdular.

Lakin “lobbi”çilik adı ilə uzun illər anti-Azərbaycan və anti-türk “fəaliyyət”ləri ilə terroru əsas prinsip kimi qəbul edən xaricdəki erməni icmaları və terror qrupları bu dəfə artıq “güclü erməni lobbisi” imicini itirmişdilər. Əvvəllər heç vaxt belə hallarla qarşılaşmamış və bu dəfə “məzlum ermənilər” adı ilə manipulyasiya edərək dünyanı aldadıb istəklərinə nail ola bilmədilər. Çünki illər boyu lobbiçilik adı altında erməni icmaları terroru, işğalı dəstəklədikləri halda, azərbaycanlılar isə vətənpərvərlik nümayiş etdirərək mütəşəkkil mübarizəyə qalxmışlar. Heç şübhəsiz ki, Azərbaycanı müdafiə məqsədilə diaspor təşkilatlarımız və icmalarımızın dünyanın müxtəlif ölkələrində tədbirlərinin əlaqələndirilmiş şəkildə keçirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü fəaliyyətin nəticəsi kimi də qiymətləndirilməlidir.

Bunun davamı olaraq, iyulun 23-də Ermənistanın baş naziri tərəfindən hökumətin iclası zamanı səsləndirilən fikirlərdə Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasəti, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürülür. Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və dövlətimizin regionda söz sahibinə çevrilməsi dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır.

Bütün bunlar onu deməyə əsas verir ki, XXI əsrdə XIX-XX əsrlərin təfəkkürü ilə nəyisə əldə etmək mümkün deyil. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. Əgər hər hansı bir ölkəyə qarşı çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Bu, 30 ildən artıqdır ki, Azərbaycana qarşı erməni lobbisinin timsalında açıq-aydın özünü büruzə verir. Amma baş verən hadisələr və zaman göstərdi ki, Ermənistanın daim arxalandığı “güclü erməni lobbisi”nin hazırda ənənəvi terrordan başqa güvəndiyi heç nəyi yoxdur.

Heç şübhəsiz ki, hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulub. Mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Komitənin son 2 ildə gördüyü fəaliyyətin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməsi istiqamətində Azərbaycan dövlətinin apardığı böyük işlərə mühüm töhfədir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədində baş vermiş son hadisələrlə əlaqədar münasibəti olduqca dəyərlidir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”

Keçidlər