Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni lobbisi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti qarşısında aciz qaldı.

10 avqust 2020 | 16:00

1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Son vaxtlar Ermənistan rəhbərliyi və erməni lobbisinin regiondakı vəziyyətdən məqsədyönlü şəkildə istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki (Suriya, Livan və s.) erməni əsilli əhalinin Azərbaycanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılma siyasəti bütün beynəlxalq hüquq prinsiplərinə ziddir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

O deyib: “2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirdi. Aydın oldu ki, təcavüzkar Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur və Azərbaycana qarşı anneksiya siyasətindən əl çəkmir”.

Professor qeyd edib ki, artıq dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları və icmalarının Ermənistanın işğalçılıq siyasətinə qarşı və Vətəni müdafiə məqsədilə keçirdiyi tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın həmin ölkələrin səfirlikləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Yəni Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində diaspor təşkilatları çox mühüm addımlar atır. Bu mütəşəkkillik onu göstərir ki, dünyanın bütün ölkələrində azərbaycanlılar səfərbər olub, bu təcavüzkar siyasətin qarşısında birlik göstərib, Azərbaycan dövlətinin yanındadırlar.

Ancaq keçən bir aya yaxın müddətdə, xüsusilə iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə təcavüzkar əməllər törədilir, çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən vəhşiliklər özündə vandalizm və terror elementlərini ehtiva edir və birbaşa cinayət məsuliyyəti doğuran əməllərdir.

Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında lövbər salıblar, orada təmsil olunurlar, eləcə də yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan son günlərdə dünyanın bir sıra ölkələrində azərbaycanlılara qarşı təcavüz hərəkətləri heç də təsadüfi deyil. Erməni lobbisi 1971-ci ildə yaradılmış Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən idarə olunur. Onlar fəaliyyətində Azərbaycan hədəf seçib və Azərbaycana qarşı fobiya var. Ümumiyyətlə, Ermənistan cəmiyyətində bu açıq-aşkar görsənir. Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Lakin ermənilərin yürütdüyü təcavüzkar siyasət və iddialar heç nəyə əsaslanmır. Erməni lobbisi heç bilmir ki, Dağlıq Qarabağ xəritədə harada yerləşir. Bu baxımdan Azərbaycan dövlət başçısının yürütdüyü müstəqil siyasət, ölkəmizin xarici siyasətində milli maraqların üstün tutulması heç şübhəsiz ki, erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir.

Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının IV Qurultayında qeyd etdiyi kimi Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.

Bununla yanaşı, ermənilərin bu cür cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

Qeyd olunub ki, XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər.

XX əsrin ikinci yarısında “Daşnaksütyun” partiyası tərəfindən bir sıra terror qrupları yaradıldı. Ötən əsrin 60-70-ci illərində erməni terror təşkilatlarının fəaliyyəti daha da genişləndi. Belə ki, 1975-ci ildə yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı təşkilat həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmiş ki, nəticədə günahsız insanlar erməni terrorizminin qurbanı olmuşlar. Erməni terror təşkilatları ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, 90-cı illərin əvvəllərində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistanla sərhəd bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı terror aktları həyata keçirmişlər. Bununla yanaşı, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu” 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı törətmişdir. Xüsusilə 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən Türk Hava Yollarının Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb. Bundan əlavə, Avropanın bir çox ölkələrində fəaliyyət göstərən erməni terror qrupları Fransa, İtaliya və Yunanıstanda həyata keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və lobbisi erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının və terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldırlar. Ermənistanın paytaxtı Yerevandakı "Yerablur" dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.

XX əsrin 80-ci illərinin ikinci yarısında, ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları və hərbi təcavüzü başladı. 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Eləcə də hazırda faşist ideologiyası yürüdən Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək bundan Azərbaycana qarşı istifadə edir. Eyni zamanda, 1988-1994-cü illərdə, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində Ermənistanın xüsusi xidmət orqanları çoxsaylı terror aksiyaları təşkil ediblər. Ümumilikdə, bu illərdə müxtəlif səpkili: yaşayış məntəqələrində və mülki obyektlərdə sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında Bakı Metropolitenində, sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər dinc sakin həlak olmuş, 1705 nəfər yaralanmışdır .

Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir. Bununla yanaşı, Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Ancaq işğalçı Ermənistanda sosial-iqtisadi və demoqrafik böhran, son illərdə baş verən hadisələr, xüsusilə insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilir. Bununla yanaşı, xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Trensparency İnternational”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Repartyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.

Son vaxtlar Azərbaycan diaspor təşkilatlarının xüsusi mütəşəkkil şəkildə fəallığı Ermənistanı və erməni lobbisini ciddi sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti qarşısında aciz qaldı, tarixi ədalətin təmin olunmasını, soyqırımına və təcavüzə məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların kobudcasına pozulmuş hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Baş vermiş hadisələr, azərbaycanlıların birgə fəallığı erməni lobbisinin vəhşi və terrorçu simasını bir daha ifşa etdi və bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.

Bu baxımdan, heç də təsadüfi deyil ki, bu hadisələrdən sonra siyasi, sosial-iqtisadi, demoqrafik böhranın içərisində çabalayan və iki stulda oturmaq taktikasını seçən (Ermənistanda 2 il əvvəl hakimiyyət çevrilişindən sonra ölkə KİV-də Rusiyaya qarşı açıq çağırışlar və Qərbyönümlü yazılar, eləcə də Soros Fondunun idarələrini özlərinin iş otağına çevirmiş və oradan təlimat almış adamların hazırkı hakimiyyətdə təmsil olunması bunu təsdiq edir) heç bir idarəçilik təcrübəsi olmayan, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın baş nazirinin diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir. Çünki onlar Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycan Ordusunun layiqli cavabını alıb, xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diaspor təşkilatları və icmaları qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər. Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və ərazilərimizin azad edilməsi uğrunda döyüş əhval-ruhiyəsini yüksək olduğunu unutmuşdular.

Lakin “lobbi”çilik adı ilə uzun illər anti-Azərbaycan və antitürk “fəaliyyət”ləri ilə terroru əsas prinsip kimi qəbul edən xaricdəki erməni icmaları və terror qrupları bu dəfə artıq “güclü erməni lobbisi” imicini itirmişdilər. Əvvəllər heç vaxt belə hallarla qarşılaşmamış və bu dəfə “məzlum ermənilər” adı ilə manipulyasiya edərək dünyanı aldadıb istəklərinə nail ola bilmədilər. Çünki illər boyu lobbiçilik adı altında erməni icmaları terroru, işğalı dəstəklədikləri halda, azərbaycanlılar isə milli mənlik şüuru ilə vətənpərvərlik nümayiş etdirərək mütəşəkkil mübarizəyə qalxmışlar. Heç şübhəsiz ki, Azərbaycanı müdafiə məqsədilə diaspor təşkilatlarımız və icmalarımızın dünyanın müxtəlif ölkələrində tədbirlərinin əlaqələndirilmiş şəkildə keçirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü fəaliyyətin nəticəsi kimi də qiymətləndirilməlidir.

Bunun davamı olaraq, iyulun 23-də Ermənistanın baş naziri tərəfindən hökumətin iclası zamanı səsləndirilən fikirlər, Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasəti, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və dövlətimizin regionda söz sahibinə çevrilməsi dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı iyulun 24-də həmvətənlərimizə müraciətində də çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatların azərbaycanlılara qarşı törədilmiş hadisələrdə onların səslərinin hələ də eşidilmədiyi bildirildi və bu cinayət əməllərinə ədalətli qiymət verməyə çağırış öz əksini tapdı. Müraciətdə erməni təbliğat-təşviqat şəbəkəsinin 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı apardığı diqqətə çatdırılır: “Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir”.

Hazırda Ermənistan ictimaiyyətinin özü də hər zaman arxalarında güvəndikləri “güclü lobbi”nin çürümüş fəaliyyətsizliyi, pərakəndəliyi, vəhşiliyi qarşısında Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, milli həmrəylik ideyası və azərbaycançılıq məfkurəsi ilə silahlanmış mütəşəkkil və səfərbər olunmuş vətənpərvər azərbaycanlılarla qarşılaşdılar. Elə məhz bu uğursuzluq Ermənistan baş nazirini əməli addımlar atmağa və diasporla iş üzrə komissarın ofisində təmizlənmə aparmağa məcbur etdi. Onu erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə, xüsusilə ABŞ, Fransa və Rusiyada Azərbaycan diasporu qarşısında aciz qalması hiddətləndirmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, XXI əsrdə XIX-XX əsrlərin təfəkkürü ilə nəyisə əldə etmək mümkün deyil. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. Əgər hər hansı bir ölkəyə qarşı çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Bu, 30 ildən artıqdır ki, Azərbaycana qarşı erməni lobbisinin timsalında açıq-aydın özünü büruzə verir. Amma baş verən hadisələr və zaman göstərdi ki, Ermənistanın daim arxalandığı “güclü erməni lobbisi”nin hazırda ənənəvi terrordan başqa güvəndiyi heç nəyi yoxdur.

Heç şübhəsiz ki, hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Komitənin son 2 ildə gördüyü fəaliyyətin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməsi istiqamətində Azərbaycan dövlətinin apardığı böyük işlərə mühüm töhfədir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin son Azərbaycan-Ermənistan sərhədində baş vermiş son hadisələrlə əlaqədar münasibəti olduqca dəyərlidir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

Keçidlər