Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlar.

13 avqust 2020 | 16:00

Son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədini Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə kobud şəkildə pozması, sərhəddə yerləşən hərbi obyektlərimizi və eyni zamanda sərhədboyu mülki əhalinin yaşayış məntəqələrini dəfələrlə atəşə tutması həm hərbi qulluqçular, həm də dinc əhali arasında ölüm və yaralanma hallarının baş verməsi ilə nəticələnib. Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan artıq mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi onların sırasını Tovuz və ətraf ərazilərdə yaşayan mülki əhalinin, eləcə də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən həlak olan hərbçilərin ailələrinin hesabına genişləndirmək niyyətləri güdmüşlər. Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüşdən əvvəl Serbiyadan düşmən ölkəyə çox sayda hərbi texnika, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyadan Ermənistana böyük həcmdə silah-sursatın göndərildiyi artıq təsdiqlənmiş faktdır. Bəs buna səbəb nədir? Necə olur ki, Azərbaycanın “strateji tərəfdaşı” sayılan, iqtisadiyyat, təhsil, səhiyə daxil bütün istiqamətlərdə yaxından əməkdaşlıq etdiyimiz bir ölkə işğalçı Ermənistana hərbi texnika yollayır? Görəsən, təcavüzkar ölkənin daha da şirnikləndirilməsinə xidmət edən bu cür əməkdaşlığa maraq göstərməklə Serbiya hansı məqsədi güdür? Serbiya özü də separatçılıqdan, bölücülükdən əziyyət çəkən ölkələr sırasındadır. Belqradın beynəlxalq terrorizmi dəstəkləyən bir ölkə ilə birgə silah qaçaqmalçılığına təşəbbüs göstərməsi heç cürə anlaşılan deyil. Rəsmi Bakının Ermənistana böyük həcmdə silah-sursatın göndərilməsi ilə bağlı Serbiyadan izahat istəməsi tamamilə doğru addımdır. Azərbaycanın bu cür prinsipial mövqeyindən sonra rəsmi Belqrad işğalçı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın ilk növbədə Serbiyanın özünün gələcək milli maraqlarının əleyhinə olduğunu başa düşəcək. Bizlər Serbiyanın bu addımını pisləyirik . Serbiyanın bu hərəkəti Azərbaycan torpaqlarının işğalının daha da uzadılması üçün əlverişli şərait yaradır.

Bütün bunlara baxmayaraq Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alıb : “Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir.” Ermənistanın Azərbaycana qarşı təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil.Hər bir azərbaycanlı inanır ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq.

YAP Şuşa rayon Qadınlar Şurasının üzvü - İlahə Ələkbərli

Keçidlər