Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi.
Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Azərbaycanın hərb tarixinə «Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi olaylarda Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman böyük xalqının və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir.
Tovuzda baş verən son döyüşlər fonunda Türkiyənin mövqeyi daha konkret və qəti şəkil aldı. Qardaş ölkənin rəsmiləri bir sıra bəyanatlar verdilər ki, Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq.
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi ilə bağlı yaydığı açıqlamada qeyd olunur ki, Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır.
Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş
ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bu günlərdə əvvəlcədən razılaşdırılmış dövlətlərarası tədbirlər planına əsasən Azərbaycan ərazilərində Türkiyə Cümhuriyyətinin ordu birləşmələri ilə birlikdə hərbi təlimlərin keçirilməsi bütün məqamlardakı möhkəm və sarsılmaz birliyimizin növbəti təntənəsidir. Prezident İlham Əliyevin və Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki il əvvəl qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad «iki dövlət - bir ordu» modelinin əməli nümunəsi olmuşdu. İndi Azərbaycanın müxtəlif yerlərində - Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Kürdəmir və Yevlax şəhərlərində keçirilən birgə hərbi təlimlər ordu birləşmələrimizin möhtəşəm paradının regionlarda nümayiş etdirilən uğurlu davamıdır. Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət və şərəflə dayanmaq andlarının əməli ifadəsi deməkdir.