Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir.
1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Son vaxtlar Ermənistan rəhbərliyinin və erməni lobbisinin regiondakı vəziyyətdən məqsədyönlü şəkildə istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki (Suriya, Livan və s.) erməni əsilli əhalinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
O deyib: “Belə ki, cəzasızlıqdan istifadə edərək bu il iyulun 10-da Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazirin dilindən növbəti dəfə etiraf olundu. Bunun ardınca, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri işğal altındakı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın ölkəmizə qarşı açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Aydın oldu ki, təcavüzkar Ermənistan danışıqlar adı altında imitasiya ilə məşğuldur və Azərbaycana qarşı ilhaq siyasətindən əl çəkmir. Bunun davamı olaraq, iyulun 23-də Ermənistanın baş naziri tərəfindən hökumətin iclası zamanı səsləndirilən fikirlər, Azərbaycana qarşı açıq-aşkar ilhaq siyasəti, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürüldü, ölkəmizin ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirildi.
Heç kimdə şübhə yoxdur ki, hazırda Ermənistanda faşist ideologiyası dövlət siyasətinə çevrilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə, xüsusilə 2019-cu ildə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını xatırladaraq qeyd edib ki, MDB məkanında, o cümlədən Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha həm Rusiya ictimaiyyətinə, həm də dünyaya bəyan etdi ki, 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada təxminən 6 metr hündürlüyündə abidə qoyulub və Ermənistanın yeni hakimiyyəti bu heykəli sökməyib. Bu baxımdan, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir.
Hazırda bu siyasət davam edir və faşizmə xidmət edən Njde, Dro kimiləri Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Ermənistanın baş naziri öz sələflərinin siyasətini davam etdirərək faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Eyni zamanda, Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli bir sıra şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, eləcə də bu xislətləri ilə fəxr edirlər”.
Qeyd etmək lazımdır ki, Ermənistanın faşist ideologiyası və terroru dövlət siyasətinə çevirməsi danılmaz faktlarla sübut edilir və uzun illərdir ki, bu, bütün hakimiyyətlər dövründə davam etdirilir. Bununla yanaşı, Ermənistanın cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaradıblar. Bundan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar.
Belə ki, XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayında “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar verib. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər.
XX əsrin ikinci yarısında “Daşnaksütyun” partiyası tərəfindən bir sıra terror qrupları yaradıldı. Ötən əsrin 60-70-ci illərində erməni terror təşkilatlarının fəaliyyəti daha da genişləndi. Belə ki, 1975-ci ildə yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı təşkilat həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmiş ki, nəticədə günahsız insanlar erməni terrorizminin qurbanı olmuşlar. Erməni terror təşkilatları ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, 90-cı illərinin əvvəllərində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistanla sərhəd bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı terror aktları həyata keçiriblər. Bununla yanaşı, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu” 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı törədib. Xüsusilə 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən “Türk Hava Yolları”nın Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb. Bundan əlavə, Avropanın bir çox ölkələrində fəaliyyət göstərən erməni terror qrupları Fransa, İtaliya və Yunanıstanda həyata keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürüb. Bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və lobbisi erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının və terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldırlar. Ermənistanın paytaxtı Yerevandakı "Yerablur" dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında qeyd etdiyi kimi, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.
Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında demək lövbər salıblar, orada təmsil olunurlar, eləcə də yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan son günlərdə dünyanın bir sıra ölkələrində azərbaycanlılara qarşı təcavüz hərəkətləri heç də təsadüfi deyil. Erməni lobbisi 1971-ci ildə yaradılmış Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən idarə olunur. Onlar fəaliyyətində Azərbaycanı hədəf seçib və Azərbaycana qarşı fobiya var. Ümumiyyətlə, Ermənistan cəmiyyətində bu açıq-aşkar görsənir. Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünyanın və gözümüzün qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Lakin ermənilərin yürütdüyü faşist ideologiyası, təcavüzkar siyasət və iddialar heç nəyə əsaslanmır. Erməni lobbisi heç bilmir ki, Dağlıq Qarabağ xəritədə harada yerləşir.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddialarına və hərbi təcavüzə başladılar. 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yürüdüb, nəticədə dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb. Eləcə də hazırda faşist ideologiyası yürüdən Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək bundan Azərbaycana qarşı istifadə edir. Eyni zamanda, 1988-1994-cü illərdə, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində Ermənistanın xüsusi xidmət orqanları çoxsaylı terror aksiyaları təşkil ediblər. Ümumilikdə, bu illərdə müxtəlif səpkili - yaşayış məntəqələrində və mülki obyektlərdə sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında Bakı Metropolitenində, sərnişin daşıyan dəniz bərəsində törədilmiş 373 terror aktı nəticəsində 1200 dinc sakin həlak olub, 1705 nəfər yaralanıb.
Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir. Bununla yanaşı, Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Hazırda siyasi, sosial-iqtisadi, demoqrafik böhranın içərisində çabalayan və iki stulda oturmaq taktikasını seçən (Ermənistanda 2 il əvvəl hakimiyyət çevrilişindən sonra ölkə KİV-də Rusiyaya qarşı açıq çağırışlar və Qərbyönümlü yazılar, eləcə də Soros Fondunun idarələrini özlərinin iş otağına çevirmiş və oradan təlimat almış adamların hazırkı hakimiyyətdə təmsil olunması bunu təsdiq edir) heç bir idarəçilik təcrübəsi olmayan, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın baş nazirinin əsassız ərazi iddialarının, həmçinin beynəlxalq hüquqa tamamilə zidd addımlarının qarşısı alınmalıdır.
Ancaq biz nəyin şahidi oluruq? Ermənistan rəhbərliyinin, eləcə də işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin nümayəndələri tərəfindən ölkəmizi təhdid edən çıxışlar və əsassız iddialar dünya birliyi tərəfindən sükutla qarşılanır, qınaq obyektinə çevrilmir, xüsusilə münaqişəni nizama salmaq üçün vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat cavablarını 28 ildir eşitmirik. Bu təcavüzkar siyasətə rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az daha da şirnikləndirir. Azərbaycan-Ermənistan sərhədində baş verən təcavüz aktından sonra ayın 13-də ATƏT-in Minsk qrupunun verdiyi ənənəvi bəyanat bunun bariz nümunəsidir.
Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir. Ona görə ATƏT-in Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli, Dağlıq Qarabağ və ətraf yeddi rayondan etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in Minsk qrupuna olan ümidləri də heçə endirmiş, onun tərəfsiz vasitəçiliyini şübhə altında qoymuşdur.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.
Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.