Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.

22 sentyabr 2020 | 16:00

Suverenliyin ilk dövrlərindən başlayaraq Azərbaycan BMT- yə daxil olmağa çalışmışdır. Bu istiqamətdə fəaliyyət göstərmək məsələnin yalnız bir tərəfidir. BMT-yə daxil olmaq, hər şeydən əvvəl, TŞ-nin beş daimi üzvünün razılığını tələb edir. Deməli, dövlətin BMT-yə daxil olması üçün TŞ-nin beş daimi üzvü olan ölkələr onu “de-yure” tanımalıdır. Əlbəttə, bu zəruri şərt sayıla bilməz. Yəni dövlətlərarası diplomatik münasibətlər yüksək səviyyədə təmin olunmadıqda da BMT-yə üzvlük mümkündür. Lakin bütün hallarda beşliyin yeni yaranmış beynəlxalq hüquq subyektinə münasibəti sırf mənfi səciyyə daşımamalıdır.
1992-ci il yanvarın 22-də Azərbaycan prezidentinin BMT-yə qəbul edilmək haqqındakı bəyanatı respublika Xarici İşlər Nazirliyi xətti ilə BMT Baş katibinə rəsmən təqdim edildi. Bəyanatdan iki aya yaxın vaxt keçdikdən sonra, 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın keçmiş sovet respublikalarından olan Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldava, Türkmənistan, Özbəkistanla eyni vaxtda BMT-yə qəbul olunması haqqında qərar qüvvəyə mindi. 1992-ci il aprelin ikinci yarısından respublikanın BMT-dəki daimi nümayəndəliyi fəaliyyətə başladı. Azərbaycanın BMT yanındakı ilk daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri Həsən Əziz oğlu Həsənov təyin olundu. Müstəqil dövlətimizin göstərilən sahədə tarixi təcrübəsinin və ənənəsinin olmaması baxımından bu iş son dərəcə çətin və məsuliyyətli idi. Mövcud problemlərin çoxluğuna, Ermənistan-Azərbaycan münaqişəsinin özünün yüksək mərhələsinə keçməsinə, ölkə daxilində siyasi sabitliyin  dayanıqsızlığına, xarici siyasətdə dövlət rəhbərliyinin qeyri-ardıcıl mövqe tutmasına baxmayaraq, BMT yanındakı daimi nümayəndəlik öz işini yüksək səviyyədə qura bildi. Suveren dövlətlərin bərabər hüquqlar əsasında beynəlxalq təşkilatlara qoşulması onların maraq və mənafelərinə xidmət göstərir. Heç bir elmi-nəzəri müddəaya əsaslanmadan qəbul etmək olar ki, dövlətin beynəlxalq təşkilata üzvlüyü onun strateji, uzunmüddətli məqsədləri ilə uzlaşır. İstər siyasətşünaslığa, istərsə də beynəlxalq münasibətlərə aid tədqiqat işlərində beynəlxalq təşkilatlarla əlaqələrin mahiyyət və məzmunu haqqında müəyyən fikirlər söylənmiş, onların bir qismi obyektiv həqiqət kimi qəbul olunmuşdur. Buna baxmayaraq, hər hansı dövlətin, o cümlədən də Azərbaycanın BMT-yə daxil olmasının, bu sistemin təşkilatları ilə əlaqələr yaratmasının elmi-nəzəri və praktik cəhətləri müxtəlif tərəflərdən araşdırılmalı, ümumi qanunauyğunluqlar, qarşıya qoyulan məqsədlər, onların həyata keçirilməsi yolları, formaları öyrənilməlidir. Azərbaycanın BMT-dəki fəaliyyətinin əsas məqsədləri və onların beynəlxalq təşkilatın vəzifələri ilə uzlaşdırılması son dərəcə əhəmiyyətli məsələlərdən biridir. Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətinin məqsədlərini iki zaman çərçivəsi daxilində ümumiləşdirmək olar: a) hazırkı dövrdəki vəziyyətlə əlaqədar məqsədlər; b) tarixi inkişafın gələcək mərhələsi ilə əlaqədar məqsədlər. Zaman bölgüsündən asılı olmayaraq beynəlxalq təşkilata üzvlüyün məqsədi siyasi, iqtisadi, elmi-texniki, sosial, mədəniyyət və s. sahələr üzrə ayrıca müəyyənləşdirilməlidir. Dövlətlərin beynəlxalq təşkilatlardakı fəaliyyətinə aid fikirlərin təhlili, müxtəlif problemlərin həllində BMT-nin roluna dair elmi tədqiqatların araşdırılması, nəhayət, Azərbaycan Respublikasının dövlətlərarası qurumlara münasibətinin və xarici siyasətinin öyrənilməsi ölkənin hazırkı dövr üçün məqsədlərinin ayrı-ayrı sahələrə görə ümumiləşdirilməsinə imkan verir.
BMT-yə üzvlükdə perspektiv məqsədlər inkişaf etmiş dövlətlərin məqsədləri ilə üst-üstə düşür. İnkişaf etmiş dünya dövlətləri BMT çərçivəsində fəaliyyətlərinin əsas məqsədlərini sülhün və təhlükəsizliyin qorunması, xalqların hərtərəfli inkişafı üçün şərait yaradılması, insan hüquqları və azadlıqlarının qorunması, qlobal problemlərin həllində əməkdaşlıqda görürlər. Eyni məqsədlər Azərbaycan dövlətinin özünün həm xarici, həm də daxili siyasətində nəzərdə tutduğu ali vəzifələrdir. Azərbaycan dünyada sülhün və təhlükəsizliyin qorunmasında, dinc yanaşı yaşamaq, bərabər səviyyəli əməkdaşlıq məsələlərində maraqlı tərəf olduğunu, bütün bu prinsiplərin respublikanın tutduğu siyasi xəttə uyğun gəldiyini həmişə etiraf etmişdir. Bəşəriyyət üçün təhlükə törədən qlobal problemlərin həlli istiqamətində əməkdaşlıq Azərbaycanın xarici siyasətində özünəməxsus yer tutur.
Müstəqilliyin qazanılması ilə Azərbaycanın tarixində açılan yeni dövrün hərtərəfli öyrənilməsi, hadisə və faktların xronologiyasının yazılması, toplanmış materiallar əsasında elmi təhlilin aparılması da vacib məsələlərdəndir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası ilə BMT və onun ixtisaslaşmış qurumları arasında əlaqələrin yaranmasının, inkişaf edib möhkəmlənməsinin, onların tarixi kökləri və hüquqlarının əsaslarının tədqiq edilməsi, BMT ilə əməkdaşlığın ölkənin xarici siyasətindəki və daxili həyatındakı rolunun öyrənilməsi, bu sahədə əldə olunmuş nailiyyətlərin ümumiləşdirilməsi, buraxılmış nöqsanların aradan qaldırılması, perspektiv istiqamətlərin müəyyənləşdirilməsi kimi məsələlərin işıqlandırılmasına ehtiyac aydın hiss olunur. BMT-nin ixtisaslaşmış qurumlarının fəaliyyəti bir çox hallarda bir-biri və  BMT-nin digər təşkilatlarının işi ilə əlaqələnir. Belə əlaqələnmə birgə əməkdaşlıq və fəaliyyət mexanizmlərinin mövcudluğunu sübuta yetirir. Ona görə də, ixtisaslaşmış qurumların dövlətlə əməkdaşlığı BMT sisteminin orqan və digər təşkilatlarının işdən təcrid olunmuş şəkildə deyil, onlarla qarşılıqlı rabitədə öyrənilməlidir. BMT-nin yaradılması, strukturu, dünya siyasətində rolu, ixtisaslaşmış qurumların mahiyyəti və məzmunu ilə bağlı məsələlərə aydınlıq gətirilir, BMTnin ixtisaslaşmış qurumları ilə azərbaycan arasındakı əlaqələrin inkişaf yolları və perspektivlərini açıb göstərir. Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən başlayaraq BMT üzvü olmaq istiqamətində addımlar atmış, 1992-ci il martın 2-də bu beynəlxalq təşkilata daxil olmuşdur. BMT-nin Minillik sammitində çıxış edən respublika prezidenti Ümummilli lider H.Əliyev Azərbaycanın BMT ilə bağlı ümidlərindən bəhs edərək göstərirdi ki, “təcavüzkarlıq aktları, ərazilərinin işğalı, etnik təmizlənmə, təcavüzkar separatizm və terrorçuluqdan əziyyət çəkən dövlətimiz BMT-dan ədalətli sülhün bərqərar olunması, təhlükəsizlik, BMT Nizamnaməsi prinsiplərinin qorunması sahəsində səmərəli fəaliyyət gözləyir”. BMT və onun tərkibinə daxil olan təşkilatların elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istər beynəlxalq təşkilatların müasir dövrün siyasi həyatındakı rolunun öyrənilməsində, istər üzv dövlətlərin bu qrumlardakı fəaliyyətinin təyin edilməsində, istərsə də dövlətlərarası əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulmasında olduqca böyük əhəmiyyət kəsb edir.
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli İclasda Prezident İlham Əliyev iki rəsmi statusda çıxış edərək bu gün beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərə toxunub: “Bunlardan biri elə BMT və onun Təhlükəsizilik Şurası, digəri isə benəlxalq hüquq məslələri ilə bağlı idi. Azərbaycan Prezidenti bu vacib məsələləri Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından dilə gətirdi. Əslində hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir. Çünki bu sahədə ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması hüququn gücünün yox gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn nizmalayıcı funksiyasını kölgədə qoymaqla elə BMT-nin nüfuzuna böyük zərbə vurmuş olur. Xüsusilə BMT TŞ-nın bəzi qərarlarının icra edilməmiş qalması, həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi yaxud ayrı-ayrı hallarda bunun seçmə üsulu ilə edilməsi əlbəttə ki, yolverilməzdir və beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır. Elə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT TŞ-nın qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalması dediklərimizin ən əyani sübutudur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu məsələləri diqqətə alaraq qeyd etdi ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”.

Keçidlər