Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşaya yaxınlaşdıran qələbələr

28 sentyabr 2020 | 16:00

Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib.
Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Ermənistan müdafiə nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədini güdür.

Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.
Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Vardanyan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.
Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.
Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki şəxslərlə davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcək.
Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.

Keçidlər