Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.
İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. İftixar mənbəyinə çevrilən ordumuz həm də düşmən üçün qorxulu bir kabusdur. Çünki ərazilərimizi işğal altında saxlayanlar da yaxşı bilir ki, daha Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyillər. Xarici havadarlarından hər cür kömək alsalar belə, yenə Azərbaycan Ordusunun qarşısında aciz qalacaqlarını, darmadağın olacaqlarını da gözəl anlayırlar! Elə bu səbəbdəndir ki, indi Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməməsi üçün öz ağalarına, bütün dünyaya hər gün yalvarmaqda, onlardan kömək ummaqdadırlar.
Düşmən təxribatlarına dəfələrlə layiqli cavab verən Azərbaycan ordusu bu gün hərbi əməliyyatları uğurla davam etdirir.Bir gün ərzində əldə olunan uğurlarımız artıq düşməni qorxuya salıb. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır. İndiki yaranmış şəraitdə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs bu mübarizəyə dəstək verməlidir. Hamı əmin olmalıdır ki, bu, Azərbaycanın haqq işidir, beynəlxalq hüquq bizim tərəfimizdədir və döyüşdə də zəfər bizimdir. Sevindirici haldır ki, düşmənin quduzlaşdığı bir dövrdə mil¬li həmrəylik nümayiş etdirən, əsgəri və dövləti dəstəkləmək istiqamətində könüllü addımlar atan təkcə gənclərimiz deyil. Ölkənin siyasi palitrasının da mütləq əksəriyyəti Prezident İlham Əliyevin siyasətini və Milli Ordu¬muzun qətiyyətini dəstəkləyən təklif və qərarlarla çıxış edirlər.
Dövlət başçısı 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edib.
Fərmana əsasən, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.
Fərmanda qeyd olunur ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin, xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün.
Komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini Daxili İşlər Nazirliyi təmin edəcək.
Fərmana əsasən, hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq ediləcək.