Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür

29 sentyabr 2020 | 16:00

Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşməkdə, onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyindən dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olur.
İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə "Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli Fərman imzalayıb.
Bu gün tam əminliklə deyə bilərik ki, hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.
Hərbi vəziyyət elan edilməsi ilə eyni zamanda erməni təxribatlarına adekvat cavab verildi. Hərbi vəziyyət həm də Ermənistanın işğal siyasətinə cavabdır. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
Ölkəmizdə hərbi vəziyyətin elan edilməsi həmçinin bizim vətəndaş məsuliyyətimizi də artırır. Bu gün kimliyindən, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bunu hər bir ölkə vətəndaşı dərk etməli, dövlətinin, xalqının və ordusunun yanında olduğunu üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməklə nümayiş etdirməlidir. Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. Hərbi vəziyyət milli birliyə çağırışdır.
Bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır. Hər bir addımını xalqın  mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.
Əldə olunmuş uğurlar, işğaldan azad edilən ərazilərimiz, Ordumuzun şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və Ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, zəfər bizimlədir! Tezliklə bütün xalqımız böyük Qələbəni bayram edəcək!

Yaşa, Azərbaycan Ordusu! Yaşa Azərbaycan əsgəri!”

Keçidlər