Xalqı birləşdirən siyasət
Ölkəmizdə yaşanan bu çətin vəziyyət, baş verən hadisələr Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən də laqeyd qarşılanmayıb, onlar da Ermənistanın təxribatlarını pisləyiblər. Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar.
Bu bəyanatın qəbul olunması siyasi həmrəyliyin nümunəsidir. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
Bu bəyanat onu göstərir ki, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktını insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini bildirirlər.
Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
Rəsmi Yerevanın bəyanatları, eləcə də yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
Siyasi partiya rəhbərləri rəsmi Yerevanın militarist bəyanatlarını da pisləyirlər. Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatlarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etdiyini bir daha qeyd edirlər.
Siyasi partiyaların rəhbərləri birgə bəyanatlarında dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir. Bu siyasi partiyaların birgə bəyanatında da qeyd olunur. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Respublika Prezidenti İlham Əliyevin: "Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.
Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan bunu atdığı hər bir addımda açıq şəkildə nümayiş etdirir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.